Övladların dini tərbiyəsi

Bismillahir-Rəhmanir-Rəhim
     Bu mövzu bütün zamanlarda xüsusəndə bizim müasir zamanımızda böyük əhəmiyyət kəsb edən mövzulardan hesab olunur. Bu səbəbdən bu mövzu barədə axtarış etmək və məlumat toplamaq sonda isə bu sahədə nəticə əldə etmək hamımız üçün lazımlı bir işdir. Əksər valideynləri maraqlandıran mövzulardan biri övladlarına necə məhəbbət və səmimiyyət göstərməkdir. Cəmiyyət arasında olan bəzi əsazsız sözlər eşidilməkdədi ki, məsələn uşağı öpmək olmaz və ya çox əzizlənib məhəbbət göstərilən uşaq qudurğan və ərköyün olar. Sonra o uşağın qarşısını almaq olmaz, uşağın başının üstündə gərək çomaq olasan…və digət bu kimi sözlər.
Amma bu barədə mütaliə etdikdən sonra ətrafdakı insanların irəli sürdükləri bu fikirlərin tamamilə səhv və ağıldankənar olduğuna əmin oluruq.
Hər şeydən öncə Peyğəmbərin (s) buyurduğu bu hədisi qeyd edirik:
   “Bir gün bir kişi Peyğəmbər (s) hüzuruna gəlib deyir. Mən heç vaxt övladlarımı öpməmişəm. Bu kişi Peyğəmbər (s) yanından gedəndən sonra həzrət buyurur. Bu kişinin mənim yanımda yeri cəhənnəmdir.” (Məhəccətul-bəyza, Feyzi-Kaşani, cild-2, səh-114).
Bu hədis və rəvayətləri oxuduqca müşahidə edirik ki, müqəddəs dinimiz olan İslam övladı öpməyə və nəvaziş etməyə nə qədər önəm və əhəmiyyət verir. Amma bizim bəzilərimiz bunlardan xəbərsizik. Bu cür rəftarın uşaqların üzərində qoyduğu təsirləri elm və psixalogiya da artıq sübut etmişdir. Amma bütün bu sübut edilən faktlar öncə Qurani-Kərimdə, Peyğəmbərimizdən və məsum imamlarımızdan nəql olan hədis və rəvayətlərdə dəqiq şəkildə vurğulanmışdır.           
Ümidvarıq ki, bu kimi mənbələrdən layiqincə faydalanaq və nümunə götürək.
Necə ki, Qurani-Kərim Peyğəmbərin (s) bizlər üçün nümunə olması haqda xəbər verir, bizdə gərək övladalarımızla rəftar zamanı o Həzrətin nəvaziş və məhəbbət dolu rəftarından faydalanaq və bunu öz övladlarımızdan əsirgəməyək. Onları məhəbbət çətri altına almalı və onlarla dostluq münasibətləri yaratmalıyıq. Övladlarımızdan məhəbbət və diqqətimizi əsirgəməyimiz, onların özlərinə qapanmaqlarına və cəmiyyətdə özlərini hörmətsiz, ailədə bacarıqsız və əhəmiyyətsiz hiss etməklərinə gətirib çıxara bilər.
Uşaqlara məhəbbət bəsləməyin yolları:
1-Uşaqlarla oynamaq:
İmam Əli (ə) buyurur: “Hər kəsin uşağı varsa gərək onunla uşaq kimi rəftar etsin.” (Vəsailuş-şiə, Hurru Amuli, cild-15, səh-203).
Cabir ibni Əbdulluh deyir: “Peyğəmbərin (s) xidmətinə müşərrəf  oldum: Gördüm ki, Həsən (ə) və Hüseyn (ə) o Həzrətin mübarək belinə çıxıb və Peyğəmbər (s) onlara görə diz üstə əyləşərək belə buyurur: Necə yaxşı dəvəniz var və siz necədə yaxşı yüksünüz.” (Biharul-ənvar, Əllamə Məclisi, cild-43, səh-285).
Bu hədislərdən məlum olur ki, Məsumlarımız kiçik yaşlı övladları ilə oynayır və bizləridə buna dəvət edirdilər.
2-Uşaqları öpmək:
Bir gün Peyğəmbər (s) Həsəni (ə) öpdü. Əqrə ibni Habis ərz etdi: Mənim on övladım var amma, indiyə qədər onlardan heç birini öpməmişəm. Peyğəmbər (s) ona baxaraq buyurdu: “Rəhm etməyən şəxsə rəhm olunmaz.”( Vəsailuş-şiə, Hurru Amuli, cild-15, səh-203).
Peyğəmbər (s) həqiqətəndə aləmlərə rəhmət olaraq seçilmişdir. O Həzrət istər ailədə istərsədə ümmət arasında istər böyüklərlə istərsədə kiçiklərlə rəhmət və şəfqətlə rəftar edirdi.
3-Uşaqları qucaqlamaq:
İmam Əli (ə) buyurur: “Az yaşlı uşaq idim ki, Peyğəmbər (s) məni öz mübarək qucağına alaraq başımı sinəsinə qoyaraq qucaqlayırdı. Bəzi vaxtlar məni öz yerində yatırar və bir müddət mübarək üzünün mənim üzümə qoyardı. Belə olduqda  məndə o Həzrətin ətrini duymağa müvəffəq olardım.” (Nəhcul-bəlağə, 234-cü xütbə).
   İmam Əli (ə) Peyğəmbərə (s) ən yaxın və onun sirrinə agah olan bir şəxsiyyət idi. O, Peyğəmbərin (s) bütün rəftarını həyatı boyu müşahidə edib, ondan nümunə götürərək öz həyatını bu gözəl nümunə üzərində qurdu və Peyğəmbərdən sonra həqiqi möminlərin nümunəsinə çevrildi.
4-Uşaqların başına sığal çəkmək:
Peyğəmbərin (s) mübarək həyatına diqqət etdikdə bunun şahidi oluruq ki, o Həzrət (s) hər gün səhər vaxtı öz övladlarının başına sığal çəkirdi. (Biharul-ənvar, Əllamə Məclisi, cild-23, səh-114).
5-Uşaqlarla ədalətlə rəftar etmək:
Peyğəmbər (s) buyurur: “Övladlarınızın arasında ədalətlə rəftar edin. Necəki istəyirsiz sizin aranızda yaxşılıq etməkdə, məhəbbət və lütf etməkdə ədalətlə rəftar olunsun.” (Məhəccətul-bəyza, Feyzi-Kaşani, cild-2, səh-64).
O Həzrət digər bir hədisdə belə buyurur: “Allah-taala istəyir ki, övladlarınızın arasında hətta onları öpərkən ədalətlə rəftar edəsiz.” ( Vəsailuş-şiə, Hurru Amuli, cild-15, səh-204).
Başqa bir yerdə buyurur: “Övladlarınıza hədiyyə verərkən ədalətə riayət edin…” (Kənzul-ummal, cild-16, səh-446)
Ümumiyyətlə hər bir şeydə ədalətə riayət etmək haqqa daha yaxındır. Necəki Qurani-Kərim bizi buna dəvət edir. Xüsusəndə uşaqların arasında ədalətə riayət etmək daha çox əhəmiyyət daşıyır. Çünki, onların buna daha çox ehtiyacı var. Əlbəttə digər yollarda vardır ki, bir neçəsinə qısa olaraq işarə edirik: Uşağa hədiyyə vermək, verilən vədlərə vəfa etmək, müxtəlif mövzularda söhbət etmək, nəzərlərinə diqqət yetirmək, gəzməyə çıxmaq, oyun oynamaq və zarafat etmək.
Allah bizləri öz övladlarımızı düzgün tərbiyə etməkdə müvəffəq etsin. Amin!

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>