Sələfizm və ilahi sifətlərin semantik problemi

Klassik ilahiyyatda müzakirə obyekti olan ən mühüm etiqadi məsələlərdən biri “ilahi sifətlərin semantikası”dır. “İlahi sifətlərin semantikası” bəhsində söhbət Allaha nisbət verilən məfhum, anlayışları (sifətlər) təfsir edib onları düzgün bir şəkildə başa düşməkdən gedir. Belə ki, Allaha nisbət verilən sifətlərin dəlaləti ilə insanlara nisbət verilən həmin sifətlərin dəlaləti eynidir, ya yox? Məsələn, aşağıdakı iki qrup cümlələri nəzərdən keçirək:

a) “İnsan alimdir”, “İnsan qadirdir”, ” İnsan muxtardır”, ” İnsanın əli var”,  “İnsanın üzü var”, ” İnsanın gözü var”, ” İnsan eşidir”, ” İnsan görür” və s. 

b) “Allah alimdir”, “Allah qadirdir”, “Allah muxtardır”, “Allahın əli var”, “Allahın üzü var”, “Allahın gözü var”, “Allah eşidir”, “Allah görür” və s. (1)

Yuxarıda qeyd olunan birinci qrup (a) cümlələrə nəzər saldıqda heç bir çətinlik çəkmədən rahat bir şəkildə insana nisbət verilən konkret və mücərrəd sifətlərin (2) mənasını və məqsədini başadüşürük. Lakin ikinci qrup (b) cümlələrə nəzər saldıqda isə, Allaha nisbət verilən sifətləri anlamqda bir qədər çətinliklə üzləşirik. Allaha nisbət verilən bu konkret və mücərrəd sifətləri necə başa düşməliyik? Bu sifətləri necə təfsir etməliyik ki, Allahın məqamına layiq olsun?

Burada iki ehtimal var və hər ikisi də həm Quran, həm də əql nöqteyi-nəzərindən məqbul hesab edilə bilməz.

1) Ya bu sifətlərin Allah və insan barədə ifadə etdikləri məna eynidir ki, bu zaman Allahı insana oxşatmış və nəticə etibarilə insanvari bir Allah təsəvvür etmiş oluruq. Halbuki bunu nə əqli dəlillər, nə də Quran qəbul edir. “Ona bənzər heç bir şey yoxdur”. (Şura/11) (Bu ehtimala “təşbeh” problemi deyilir.)

2) Ya da Allaha nisbət verilən bu sifətlərdən heç bir məna başa düşmədiyimizi deyək ki, bu zaman da ilahi sifətlərin mənalarını anlamaqda əqli tətil etmiş oluruq. Halbuki bu həm vicdanımıza ziddir, həm də Quranın ruhu ilə uzlaşmır. Çünki Quran ayələri açıq şəkildə bizlərə bildirir ki, Quran insanların onu başa düşməsi üçün Allah tərəfindən nazil edilibdir. (Yusif/2) (Bu ehtimala “tətil” problemi deyilir.)

Belə olan təqdirdə, biz Allah barəsində işlədilən bu sifətləri necə təfsir edib başadüşməliyik ki, nə “təşbeh”, nə də “tətil” problemi ilə üzləşək?!!!

Mən bu yazımda oxuculara sələfizmin (sələfiçilik, vəhhabilik məktəbi) “ilahi sifətlərin semantik problemi”ni düzgün bir şəkildə həll edə bilmədiklərini göstərməyə çalışacağam.

“İlahi sifətlərin semantik problemi” ərsəsində ən mühüm teoristlərdən (nəzəriyyəçi) biri İbn Teymiyyədir. İbn Teymiyyə sələfizmin ən görkəmli şəxsiyyətlərindən biri hesab olunduğundan və günümüzdə onun baxışları sələfilərin, vəhhabilərin ilham qaynağına çevrildiyindən, burada yalnız onun fikirlərini nəzərdən keçirəcəyik.

İbn Teymiyyənin “ilahi sifətlərin semantikası” barədə bəhsi iki təməl prinsipə istinad edir:

1. Semantik təməl prinsip;

2. Ontoloji təməl prinsip.

İbn Teymiyyə Quranda Allaha nisbət verilən sifətlərlə bağlı olan ayələri təvil etməyi (yozmaq) icazəsiz, o ayələrin leksik (lüğəvi) mənalarını başadüşüb onları təfsir etməyi isə icazəli hesab edir. İbn Teymiyyənin ilahi sifətlərlə bağlı belə bir məşhur deyimi var: “İlahi sifətlərin mənası məlum, keyfiyyəti isə məchul, onlara iman vacib və onlar barədə sual isə bidətdir”.

İbn Teymiyyə öz fikrini semantik müstəvidə əsaslandırmaq üçün Ali-İmran surəsinin 7-ci ayəsinə (3) istinad edir. O belə hesab edir ki, ilahi sifətlər “mütəşabih” ayələrdən sayılır. Daha sonra, qeyd olunan ayədəki ” və ərrasixunə fil-elm (və elmdə qüvvətli olanlar)” ifadəsində olan “və”-ni bağlayıcı (4) kimi qəbul etmir. Çünki belə olan təqdirdə, onlar da Allah kimi mütəşabih ayələrin məna və məqsədlərini başadüşə biləcəklər. Odur ki, İbn Teymiyyə ilahi sifətlərin təvilini (yozumunu) yalnız Allahın özünün bildiyini iddia edir. Biz isə ilahi sifətlərlə bağlı olan ayələri təvil etmədən onların zahiri mənalarını əxz etməliyik.

İbn Teyiyyənin yuxarida qeyd etdiyimiz müddəasını məntiqi nöqteyi-nəzərdən aşağıdakı kimi formulə edə bilərik:

1) İlahi sifətlər mütəşabih ayələrdən hesab olunur. (1-ci müqəddimə)

2) Mütəşabih ayələrin təvilini yalnız Allah bilir. (2-ci müqəddimə)

3) Beləliklə, ilahi sifətlərin təvilini yalnız Allah bilir. (1-ci nəticə)

4) Bizlər isə, o ayələrin yalnız zahiri mənalarını əxz etməliyik. (2-ci nəticə)

Əvvəla, biz yuxarıda qeyd olunan 2-ci müqəddiməni qəbul etmirik və nəticə etibari ilə də hasil olan “nəticələr”i əsassız hesab edirik. Çünki əgər mütəşabih ayələrin təvilini yalnız Allahın bildiyini iddia etsək, bu zaman Allahın kitabında “absurtluq, bihudəlik” problemi yaranacaqdır. Bu haqda geniş tədqiqatı sonrakı yazılarımızda əziz oxuculara təqdim edəcəyik. 

İkincisi, yuxarıda qeyd olunan müqəddimə və nəticələri qəbul etsək, bu zaman həqiqətdə ya “təşbeh” problemi, ya da “tətil” problemi ilə üzləşməli oluruq ki, bunun da batilliyi hamı üçün günəş kimi aydındır.

İbn Teymiyyə ontoloji müstəvidə “xarici mücərrəd mövcud”un varlığını inkar edərək onu yalnız zehni bir həqiqət hesab edir. Bu da o deməkdir ki, sələfilər, o cümlədən İbn Teymiyyə  Allahı tanımada “təşbeh”

tərəfdarıdırlar. Çünki onlar Allah üçün “nəfs”, “üz”, “əl”, “göz” kimi sifətlər və müəyyən xarici vücud inanırlar. Bu zəmində olan ayələri də, ifadə etdikləri zahiri mənaları ilə qəbul edirlər. Hərçənd ki, onlar semantik nöqteyi-nəzərdən insana və Allaha nisbət verilən sifətləri “isim”də müştərək hesab edirlər. Nəticə etibarilə, biz burada yenə də “tətil” problemi ilə üzləşməli oluruq. Bu problemin də səbəbi digər bir məsələdə gizlidir. O da bundan ibarətdir ki, İbn Teymiyyə və onun tərəfdarları ümumiyyətlə isimlərin, o cümlədən sifətlərin mənasının həqiqi və məcazi olmaqla iki qrupa bölünməsini Quranda inkar edirlər və bunu ərəb dilində sonradan ortaya çıxmış bir fenomen kimi hesab edirlər. Sələfizmin məsələyə bu şəkildə yanaşması Qurani-Kərimin dil ilə bağlı ecazkarlığını inkar etmək deməkdir. Çünki Quranın ecazkarlıq yönlərindən biri onun fəsahət və bəlağətidir. Fəsahət və bəlağət xarakterli kalam da bədii üslubun leksik səviyyədə “istiarə”, “təşbeh”, “kinayə”, (5) “epitet”, “məcaz” və s. bu kimi göstəricilərsiz ola bilməz. Beləliklə, onları inkar etmək Quranın dil ilə bağlı ecazkarlığını inkar etmək deməkdir.

Yekun nəticə:          

Kiçik bir araşdırma ilə aydın oldu ki, sələfizm ilahi sifətlərin semantik məsələsində “təşbeh” və “tətil” problemlərindən qaçmaq istəsələr də, Quran ədəbiyyatından “məcaz” leksik normasını və “mütəşabih ayələrin təvili” normsını silməklə özləri də bilmədən buna düçar olublar.

Qeydlər:

1.Yuxarıda Allaha nisbət verilən bütün sifətlər Qurani-Kərimdə qeyd olunub. Biz burada iki qrup cümlələri daha yaxşi müqayisə edə bilmək üçün onları yuxarıdakı formada qeyd etdik. 

2. Konkret sifətlərə misal olaraq “əl”, “üz”, “göz” və.s, mücərrəd sfətlərə isə “elm”, “qüdrət”, “ixtiyar” və.s kimi sifətləri göstərmək olar.

3. Ayənin şərhsiz hərfi tərcüməsi belədir: ” Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların təvilini (yozumunu) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Onlar: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.”

4. “Və”-ni bağlayıcı kimi nəzərdə tutmasaq ayə belə tərcümə olunacaq: “…Halbuki onların təvilini (yozumunu) Allahdan başqa heç kəs bilməz”. Ancaq onu bağlayıcı kimi nəzərdə tutsaq ayə bu şəkildə tərcümə olunacaq: “…Halbuki onların təvilini (yozumunu) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz”.

5. Burada qeyd etdiyimiz “təşbeh” bədii üsluba xass olan leksik göstəricidir.

Sonda isə məqalənin ərsəyə gəlməsində lazımi bilgiləri vermədə mənə yardımlarını əsirgəməyən həyat yoldaşıma dərin minnətdarlığımı bildirirəm.

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>