Allah zalımla məzluma eyni cəza verəcəkmi?

cehennem

Hörmətli oxucular! İslam.az-ın elektron poçtuna daxil olan məktubları və FB səhifəsində yazılan şərhləri əsas götürərək yeni bir rubrika – “Quranı anlayaq”la görüşünüzə gəlmək qərarı verdik. Bu rubrikada Quran ayələrinin qısa, dolğun və sadə üslubda təfsiri diqqətinizə təqdim olunacaq. İlk olaraq “Əraf” surəsinin 38-ci ayəsinin izahını təqdim edirik. Bir müddət öncə İnternet məkanında bu ayədə Allahın zalımlarla məzlumlara eyni cəzanı verəcəyindən söz açılmasına dair iddialar yer aldı. Əcəba, mərhəmətlilərin ən Mərhəmətlisi, ədalətlilərin ən Ədalətlisi zalımla məzluma eyni cəzanı verərmi?

Əraf surəsi 38-ci ayəsinin təfsiri

“(Allah qiyamət günü onlara) buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər bir tayfa girdikcə (özündən əvvəlki ) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları kəslər) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! (Allah) buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”

Bu ayəni başa düşmək üçün öncəki ayəyə baxmaq lazımdır. 37-ci ayədə Allah təala “Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər?” şəklində xitab edir və bu cür insanlara ölüm gəldiyi zaman mələklərin “Allahdan başqa yalvardıqlarınız haradadır “ şəklində sual verəcəklərini və onların cavabında “Onlar bizi qoyub qaçdılar” deyəcəklərini qeyd edir.

Bu ayədən anlaşılır ki 38-ci ayədə bəhs edilən Cəhənnəm əhlinin birinci qrupu Allahın ayələrini inkar edib və ona şərik qərar verməklə iftira yaxanlardır. Qısaca, ayədə nəzərdə tutulan inkarçılardır.

Qiyamət günü bu qrupa belə deyiləcək: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Yəni sizdən əvvəl sizin kimi olanlarla birlikdə siz də cəhənnəmə girin.

“Hər bir tayfa girdikcə (özündən əvvəlki ) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq.” Yəni hər bir tayfa özündən əvvəl Allaha şərik qərar vermiş və bu məsələdə ona nümunə olmuş dindaşına və tayfadaşına lənət oxuyacaq.

Bu insanlara görə, onları yoldan azdıran və cəhənnəmə girmələrinə səbəb olanlar özlərindən əvvəlki inkarçılardır. Bunu ayənin son hissəsindən başa düşürük: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver!” Bunlar da ikinci qrupdur.

Yəni bu ayədə iki qrupdan bəhs edilir. Birincisi, Allaha şərik qərar verən öncəkilər. İkincisi isə, bu işdə onlara tabe olan sonrakılar.

Qiyamət günü hər iki qrup birlikdə cəhənnəmə göndəriləcək. Ancaq sonrakı qrup günahı öncəkilərdə görəcək və onları da azdırdıqları üçün ikiqat əzaba layiq olduqlarını düşünəcək. Beləliklə, Allahdan onlara ikiqat əzab verməsini istəyəcək.

Bunun müqabilində Allah buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!” Öncəkilər Allaha şərik qərar verdikləri və sonrakıları da azdırdıqları üçün, sonrakılar isə onlara tabe olduqları və inkar etdikləri üçün Allahın ikiqat əzabına düçar olacaqlar.

Allah ən doğrusunu bilir.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi,

İlahiyyat üzrə fəlsəfə doktoru

Aslan Həbibov

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>