İnsan hansı məqama kimi yüksələ bilər?

qzehra-yolu.com

«Ey bəndəm! Mən hər şeyi səndən ötrü, səni isə özümdən ötrü yaratmışam».
(Hədisi-qüdsi).

Hər kəs həyatın mənasını müxtəlif cür dəyərləndirir. Ağıllı və uzaqgörən insanların gözündə ömür tərəqqi və yüksəlişdən ibarətdir. Amma bu tərəqqinin mahiyyəti barədə də insanların təsəvvürü fərqlidir. Kimisi mükəmməl təhsil alıb elm sahəsində yüksək adlara nail olmağı, kimisi bütün dünyanı heyrətə gətirəcək sənət əsəri yaratmağı, kimisi də özünə bəs edəcək miqdarda sərvət toplayıb yaşayışını təmin etməyi kamilliyin son həddi sayır. Kamilliyi gözəllikdə, şöhrətdə görənlər də var.

Islam dininə görə kamilliyin son həddi yoxdur. Müsəlman Allaha daha çox layiq olmaq, Onun razılığını daha artıq dərəcədə qazanmaq, ibadətlərin niyyətində də dediyimiz kimi «Allaha yaxın olmaq» məqsədilə yaşayır. Hədəf, can atılan məqsəd Allahdır. Allah isə qeyri-məhdud gözəlliklərin sahibidir. Allah insanın heç zaman tam şəkildə çata bilməyəcəyi, anlaya bilməyəcəyi, qovuşa bilməyəcəyi idealdır. Insan Allaha doğru uzanan həyat yolunda nə qədər irəliləsə də, heç zaman yolun sonuna çatdığını iddia edə bilməz. Allahın sevib-seçdiyi peyğəmbərlər, imamlar, övliyalar kamillik yolunun sonuna çatmadıqlarını etiraf etdikləri və həmişə özlərini bu yolun başlanğıcında saydıqları halda, sıravi insanların bunu söyləməyə hansı haqqı var?

Hər kəsin kamillik yolundakı cığırı, bu yolu qət etmə sürəti, qarşıdakı məqsədləri görmə bacarığı onun imanından və iradəsindən asılıdır. Allaha doğru durmadan irəlilədiyini düşünən, amma çoxdan bəri öz yerində durub sayanlar da var, yolun sonuna çatdığına əmin olub qürrələnənlər də, irəliyə getdiyini düşündüyü halda, əslində geriyə qayıdanlar da.

Kamilləşən insan odur ki, bu günü dünənindən, sabahı bu günündən daha yaxşıdır. Yəni imanı və təqvası, ibadəti və ehsanı hər an keçmişdəkinə nisbətən daha çoxdur. Elə hər günün sonunda etdiyi əməllər barədə özünə hesabat vermək, iki gününün bərabər olmamasına çalışmaq barədə hədislərdə də bu tövsiyə edilir.
Insan kamillik yolunda sonsuzluqlara kimi irəliləyə bilər. Islam tarixi boyunca din müqəddəslərinin həyat tərzi haqqında oxuduğumuz misallar buna gözəl sübutdur. Sıravi insanların özlərini bənzətməsi gərəkən nümunə Qurani-kərimdə dəqiq şəkildə göstərilib: «Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir» (Əh¬zab, 21). Peyğəmbərlər isə həm özlərindən əvvəlki peyğəmbərlərin həyat tarixçəsindən, həm də Allahın sifətlərindən ilham almış və bunu özlərinə nümunə götürmüşlər. Həzrət Mühəmməd Peyğəmbər (s) müsəlmanlara tövsiyə edirdi: «Allahın əxlaqı ilə əxlaqlanın. Insanların çoxu məhz Allahın qayda-qanunlarına münasibətdə təqvalı davrandığına və gözəl əxlaqlı olduğuna görə cənnətə daxil olacaq». Allahın əxlaqı ilə əxlaqlanmaq çağırışı altında Allaha məxsus olan sifətləri özündə təcəlla etdirmək nəzərdə tutulub. Əlbəttə, insan Allaha məxsus olan sifətlərə heç zaman tam mənasında sahib çıxa bilməz. Amma öz tutumu və bacarığı səviyyəsində bu sifətləri özündə tərbiyə etməyə çalışmalıdır. Allahın mərhəmətini yad edərək, özü də ətrafındakılara münasibətdə şəfqət və mərhəmətlə davranmalı, Allahın elm və hikmətini nümunə götürərək durmadan bilik və mərifətini artırmalıdır. Yardım istəyənlərin dadına çatmalı, düşmənlərə qarşı qəzəbli və amansız olmalı, peşman olanları bağışlamalı, səbr, təmkin göstərməli, doğrucul və səmimi olmalı, ədalətdən uzaq düşməməlidir və s.

Bəs bu qaydalar əsasında yaşayan insan hansı məqama yüksələ bilər, Allahın yanında və insanların gözündə hansı ehtiramı qazanar? Dini mənbələrdə bu suala cavab verən xeyli rəvayət mövcuddur. Hədislərin birində deyilir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: «Hər kim 40 gecə-gündüz müddətində özünü xalis şəkildə Allaha həsr etsə, qəlbindən hikmət çeşmələri çağlayar». Özünü xalis şəkildə Allaha həsr etmək o deməkdir ki, bəndə hər bir əməli Allahın razılığını qazanmaq naminə etsin, hər işində Allahın nəzarəti altında olduğunu xatırlasın, Allahdan başqasına pərəstiş etməsin, Ona şərik qoşmasın. Allahdan başqasına pərəstiş etmək, Ona şərik qoşmaq isə heç də hərfi mənası ilə başa düşülməməlidir. Həyatının mənasını pulda, sərvətdə görən adam pulu Allaha şərik qoşmuş olur. Vəzifə, şan-şöhrət naminə hər şeyə, hətta günaha da hazır olan şəxs Allahı bunlara qurban vermiş kimidir. Ömrünü əxlaqsızlıq içində keçirən insan əslində öz şəhvətinə, haram istəklərinə pərəstiş edir. Qəlbindən hikmət çeşmələrinin çağlamasını istəyən adam gərək bu sifətlərdən uzaq olsun. Elə bir məqama çatsın ki, Allah yolunda saflaşmış, xalisləşmiş bəndə adına layiq olsun.

Peyğəmbərin başqa bir hədisində buyurulur: «Əgər şeytanlar Adəm oğlunun qəlbində gəzib-dolaşmasaydılar, insan göyün ənginliklərini və yerin dərinliklərini görərdi». Həmçinin, o həzrət öz səhabələrinə buyururdu ki, əgər az danışıb qəlbinizi xaraba qoymasanız, mənim eşitdiyimi siz də eşidər, mənim gördüyümü siz də görərsiniz. Peyğəmbərlər qeyb aləmindən görüntülər görər, xəbərlər alarlar. Keçmişin və gələcəyin bəzi sirləri onlara açılar. Peyğəmbərin elmi Allahın izni ilə məsafə tanımaz, çox-çox uzaqlarda baş verən bir hadisə Ona əyan olar. Əsl mömin insan da əxlaqını kamilləşdirsə Allahdan ilham alar (ilhamı da vəhyin kiçik qardaşı adlandırırlar). Bir çox övliyaların qeyb aləmindən xəbər verməsi, uzaq məsafənin arxasından hadisəni görməsi də bunun sayəsində mümkün olur.

Bu gün elm aləmində də belə bir nəzəriyyə formalaşıb ki, insanın beş cür duyğudan əlavə, altıncı hissi də vardır. Məhz altıncı hiss vasitəsilə insan zaman və məkan maneələrini Allahın izni ilə aşa bilər. Hər kəsin ruhunda qeybi xəbərləri almaq üçün kanallar mövcuddur. Amma bildiyimiz və bilmədiyimiz səbəblər üzündən əksər insanlarda bu kanallar bağlı olur. Hər kimin qeyb aləmi ilə təmas kanalı açıqdırsa, o, qalan insanların gözündə az qala möcüzə görünən əməllər edə bilir. Çox vaxt ekstrasenslər də öz qüvvələrini bu altıncı kanalın açılması ilə əlaqələndirirlər.

Həzrət Əli (ə) buyururdu: «Pak bəndələrin qəlbi Allahın nəzər (baxış) məkanıdır. Hər kim öz qəlbini paklaşdırsa, Allah oraya nəzər salar». Əlbəttə, burada Allahın nəzəri deyərkən, hərfi mənada Allahın gözlə və ya başqa görmə üzvü ilə baxması bildirilmir. Söhbət Allahın öz mərhəmətini insana yönəltməsindən gedir. «Allahın nəzər saldığı qəlb» ifadəsində Allahın sevdiyi, mərhəmət və lütf göstərdiyi, günahlarını bağışladığı qəlb nəzərdə tutulur.

Hədisi-qüdsiyə görə, Allah-təala buyurub: «Bəndəm yalnız ona vacib etdiyim ibadətləri yerinə yetirməklə mənə yaxınlaşa bilər və mən bunu hər şeydən çox bəyənirəm. O, nafilə (müstəhəb) ibadətləri icra etməklə də mənə yaxınlaşar və mən onu sevərəm. Onu sevdiyim zaman onun eşidən qulağı, görən gözü və iş görən əli olaram». Yəni bu məqama çatmış insan yalnız Allaha xoş gələn sözləri eşidər, Allahı qəzəbləndirən söhbətlərə qulaq asmaz. Allahın halal buyurduqlarına baxar, haram buyurduqlarına göz yumar. Halal işlər dalınca gedər, harama əlini bulamaz. Bu, imanın, təqvanın və bəndəliyin yüksək mərtəbəsidir, ariflərin dili ilə desək, fəna məqamıdır.

Başqa bir hədisi-qüdsidə Allah-təalanın belə buyurduğu rəvayət edilir: «Ey Adəm oğlu! Mən ehtiyacsızam və heç vaxt fəqir (möhtac) olmaram. Sənə əmr etdiyim işlərdə (ibadətlərdə, halal-haramı qorumaqda) mənə tabe olsan, səni də fəqir olmayacaq dərəcədə varlı və ehtiyacsız edərəm. Ey Adəm oğlu! Mən diriyəm və ölməzəm. Sənə əmr etdiyim işlərdə mənə tabe olsan, sənə də dirilik və ölümsüzlük bəxş edərəm. Mən hər nəyə: «Ol!» – desəm, olar. Sənə əmr etdiyim işlərdə mənə tabe olsan, sənə də elə xüsusiyyət verərəm ki, hər nəyə: «Ol!» – desən, olar».

Bu hədisi-qüdsidəki bəzi ifadələr də rəmzi məna daşıyır. Fəqir olmayacaq dərəcədə varlı olan insan – Allahdan savayı heç kimə əl açmayan, heç kəsdən heç nə gözləməyən, hamıdan təmənnasını kəsən mömindir. Ölməyən və diri qalan insan – əməlləri yaşayan, cismi ölsə də, ruhu rəhmətlə yad edilən şəxsdir. «Ol!» deyincə dediyi olan adam isə duaları Allah tərəfindən müstəcab edilən, ilahi dərgahda sözü-istəyi əziz sayılan bəndədir. O, ən çətin anlarda bircə dua ilə özünü və başqalarını fəlakətdən xilas edən, bəlanı uzaqlaşdıran, görünməmiş kəramətlər göstərən övliyadır.

Bir nəfər Imam Cəfər Sadiqdən (ə) soruşdu ki, mələklər üstündür yoxsa Adəm oğulları? Imam buyurdu ki, bu suala Həzrət Əli (ə) belə cavab vermişdi: «Allah mələklərin batinində şəhvətsiz ağıl yerləşdirib. Heyvanları ağılsız şəhvətə tabe edib. Adəm oğullarının daxilində isə bunların hər ikisini yaradıb. Hər kimin ağlı şəhvətinə üstün gəlsə, mələklərdən üstün olar. Hər kimin şəhvəti ağlına qalib gəlsə, vəhşi heyvanlardan da alçaq dərəcəyə enər».

Həzrət Əli (ə) bu sözlərlə demək istəyirdi ki, Allahın hüzurunda insana qədir-qiymət verən, onu yüksəldən və ya alçaldan öz müstəqil seçimi əsasında etdiyi əməllərdir. Mələk zatən məsum olduğu üçün günah etmir. Çünki günaha sövq edən amillər ona aid deyil. Mələyin heç bir nəfsani istəyə (yemək-içmək, pül, sərvət, şan-şöhrət, qadın) ehtiyacı yoxdur. O, həmişə Allaha həmd və şükr etməyə, Onun əmrlərini danışıqsız yerinə yetirməyə vəzifəlidir. Mələk günahın, vəsvəsənin nə olduğunu bilmir. Əksinə, heyvanlar isə hər cür şüurdan uzaq, yalnız primitiv fiziki ehtiyacları ödəmək naminə yaşayırlar. Onlardan nə insana, nə də mələklərə xas olan ali duyğuları, şüur fəaliyyətini, ibadəti gözləmək olmaz.

Amma insan həm şəhvət, həm də ağıl qüvvəsinin təsiri altındadır. O, yaşamaq naminə öz dünyəvi və maddi istəklərini təmin etməyə (yeyib-içmək, evlənmək, işləmək və s.) məcburdur. Əgər həyatının mənasını yalnız bunda görsə, şüursuz heyvan səviyyəsinə alçalar. Üstəlik, bu yolu öz istəyi ilə seçdiyinə, ağıl və iman yoluna qəsdən arxa çevirdiyinə görə günah qazanar. Amma əgər öz nəfsini cilovlamağı bacarsa, ağıl və iman üzərində qurulmuş bir ömür yaşasa, mələkdən də uca məqama yüksələr. Çünki o, bu yolu öz istəyinə əsasən, nəfsi ilə döyüşə-döyüşə seçib, qarşısına günah imkanı, vəsvəsə təhlükəsi çıxdığı zaman iradəsinin hesabına bunlara yox deməyi bacarıb. Ona görə də merac gecəsində Allah-təalanın hökm və qüdrətinin ən bariz zühur etdiyi məqama – ərşə yaxınlaşanda mələklərin başçısı Cəbrail buradan o yana keçmək ixtiyarına malik olmadığını söyləyib, kainatın fəxri Həzrət Mühəmməd Peyğəmbəri (s) tək buraxdı və Peyğəmbər öz yoluna təklikdə davam etdi. Hədislərdə mömin insanın Allah yanında mələkdən daha üstün olduğu barədə deyilənlər də buna sübut ola bilər.

(Hədisi-qüdsilər Şeyx Hürr Amulinin «Cəvahirüs-səniyyə» kitabındandır).

Natiq Rəhimov – islam.az

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>