Mömin və İlahi nemətlər

Araşdırma aparıb doğru hədəfi tanıyan və düzgün əməl edən insan hansısa dünya və axirət ne᾽mətindən məhrum ola bilərmi? Allah-təala kainatı insanın təkamülə çatması və əbədi səadətə nail olması üçün yaratdığından doğru yol yolçusunun ilahi ne᾽mətlərindən məhrum edilməsi məntiqsiz olardı. Hətta azğın insanlar bu ne᾽mətlərdən faydalandığı halda, mö᾽min şəxs nə üçün məhrum olmalıdır?! Allah-təala mö᾽min üçün faydalı olan bütün ne᾽mətləri ona əta edir. «Hədid» surəsinin 21-ci ayəsində buyurulur: «Göylər və yer qədər geniş olan behiştə nail olmaq üçün çalışın!». Bitib-tükənməz behişt ne᾽mətləri dünya ne᾽mətlərindən tamamilə fərqlənir. Bu ne᾽mətlərdən istifadə edən doyub çəkinməz. Orada nə yorğunluq, nə zəiflik, nə də ağrı-acı olar. Doğru yolu tanıyıb onunla son məqsədə çatanlar üçün axirətdə heç bir çətinlik yoxdur. «Zuxruf» surəsinin 71-ci ayəsində buyurulur: «Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır». Əlbəttə ki, bu ne᾽mətləri təsəvvür etmək çətindir. Amma dünya ne᾽mətləri, hətta halal olduqda belə məhdudiyyətlərə məhkumdur. İnsan bu ne᾽mətlərdən istifadə edərkən həddi gözləməsə fəsadlarla üzləşər. Allah istədiyi bəndələrə dünya ne᾽mətlərini məhdud verir ki, insan bu ne᾽mətlərin əsarətinə düşüb axirət səadətinin tə᾽minatçısı olan imandan məhrum olmasın. Elə bu səbəbdən də bə᾽zi layiqli bəndələr dünya çətinlikləri ilə üzləşirlər.

Əslində dünya həyatında çətinliklər labüddür. Əgər dünya ne᾽mətlərinin çoxluğu insanı kamilləşməsi üçün faydalı olsaydı Allah öz layiqli bəndələrini bu ne᾽mətlərə qərq edərdi. Layiqli bəndələr Allaha təvəkkül edərək adətən belə dua edirlər: «Ey Rəbbimiz, bizə faydalı bildiklərini nəsib et». Beləcə, Allah öz istəkli bəndələrinə yalnız faydalı ne᾽mətlər əta edir. Əgər bir mö᾽min üçün dünya çətinlikləri yaranırsa bu işdə məqsəd onun axirət məqamını yüksəltməkdir.

Bəs bu insanlar kimdir? Yaranış məqsədini anlayanlar, yoxsa həqiqi məqsədə doğru hərəkət edənlər? Bu insanlar yəhudi, məsihi, yoxsa buddistdirlər?

Bizim əqidəmizə görə yeganə doğru yol İslamdır. Axirət səadətini yalnız müsəlman anlaya bilər. İnsanın həqiqi itkisi Allaha yaxınlıqda axtarılmalıdır. Müsəlmanın həqiqi istəyi Allahdır. Allaha çatmaq üçün yeganə yol İslam göstərişlərinə əməl etməkdir. Bir müsəlmanın İslam göstərişlərindən xəbərsiz qalması qeyri-mümkündür. Demək, məqsədi tanıyan az-çox doğru yolu da tanıyır. Dünya və axirət ne᾽mətlərinə çatmaq belə bir şəxsin haqqıdır.

Müəllif: Doktor Misbah Yəzdi

Tərcümə: Məhəmməd Azəri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.