Sosial bərabərsizliklərin fəlsəfəsi

Nə üçün insanların bir qismi dövlətli, digər bir qismi isə kasıbdır? Əvvəla var-dövlətin çoxluğu Allahla dostluq yox, imtahan əlamətidir. «Ənfal» surəsinin 28-ci ayəsində buyurulur: «Bilin ki, var-dövlət və övlad sizin üçün yalnız bir imtahandır». Başqa bir ayədə oxuyuruq: «Biz sizi xeyir və şərlə sınağa çəkərik»[7]. Dilimizə sınaq mə᾽nasında tərcümə olunmuş sözə Qur᾽anda «fitnə» kimi işarə olunub. Ayələrdə var-dövlət fitnə, başqa sözlə, sınaq kimi tanıtdırılır. İnsan var-dövlət qazanıb onu sərf edərkən ilahi göstərişlərə əməl edə biləcəkmi? Bir halda ki, dünya imtahandır, ona vurulmağa dəyərmi?! Əlbəttə ki, dünya son məqsəd olsaydı onun haqqında düşünməyə dəyərdi. Bir halda ki, dünyanın ömrü imtahan bitənədəkdir, ona könül verməyə də dəyməz. Dünya, üzərində suallar yazılmış imtahan vərəqi kimidir. Bu kağızın gözəl olub-olmamasının əsl məqsədə heç bir dəxli yoxdur. Əsl məqsəd suallara düzgün cavab yazmaqdır.

Yuxarıda qeyd olunan bərabərsizliyin ikinci səbəbi budur ki, dünya ne᾽mətləri Allah nəzərində biz düşünmədiyimiz kimi dəyərli deyil. Qur᾽ani-Kərimin bir çox ayələrində dünya ne᾽mətləri axirət ne᾽mətləri ilə müqayisə olunur və təbii ki, axirət ne᾽mətlərinə üstünlük verilir. «Axirət ruzisi daha xeyirlidir» buyurulur. İnsana dünya ne᾽mətlərinə uymayıb axirət ne᾽mətləri haqqında düşünmək tapşırılır. Bəli, əsl ruzi olan, yə’ni «Allah ruzisi» adlandırılan əbədi axirət ne᾽mətlərinin ardınca getməyə dəyər.

Müəllif: Doktor Misbah Yəzdi

Tərcümə: Məhəmməd Azəri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.