İman və əməlin səadətə çatmaqda rolu

Mühüm e᾽tiqad məsələlərindən biri budur ki, insanın xoşbəxtliyində iman və əməlin rolu nədir? İman və əməlin hər ikisi zəruridir, yoxsa biri kifayətdir? Əsas imandır, yoxsa əməl?

Qur᾽ani-Kərim nəzərindən imansız əməl faydasızdır. Bir şəxs Allaha, qiyamətə, peyğəmbərlik və imamətə inanmazsa təkcə yaxşı işləri hesabına axirət səadətinə qovuşa bilməz. Axı behiştə inanmayan hansı məntiqlə behiştə getməlidir. «Kafirlərin əməlləri səhradakı ilğıma bənzər. Susuzluqdan ürəyi yanan onu su bilər, nəhayət gəlib çatdığı zaman heç nə tapmaz. Tapdığı əməli müqabilində Allahın cəzası olar. Allah da onun cəzasını verər. Allah tez bir zamanda bütün məxluqatının hesabını çəkər»[22].

Xalq adətən yol çəkib, körpü salan varlıları əziz tutur. Amma bu adamların Allaha e᾽tiqadı olmazsa Allah da onların yaxşı işlərini nəzərə almaz. Sual oluna bilər ki, əgər bütün dünya Lodıgin və Edisonun zəhmətləri hesabına elektrik işığından istifadə edirsə nə üçün onlar cəhənnəmə getməlidir? Cavab belədir ki, bir insana Allah, qiyamət, peyğəmbər və imam sübut olduğu halda inad üzündən qəbul etməzsə, bu insan əbədi ilahi ne᾽mətlərdən faydalanmaq ləyaqətinə malik deyil. Bir şəxs bilərəkdən hər hansı bir həqiqəti inkar edərsə axirət səadətindən məhrum olar. Belə insan gördüyü xeyir işlərin əvəzini elə dünya həyatında da alar, axirət mükafatındansa məhrum olar.

İslam və Qur᾽an nəzərincə ilahi biliklərdən xəbərdar insan bilərəkdən bu həqiqətləri inkar edirsə nəinki behiştə getməz, heç onun qoxusunu da duymaz. Əksinə, imanlı olduğu halda heç bir xeyir iş görməyən insan əbədi səadətə qovuşa bilməz. Bəlkə də, bu ehtimal həqiqətdən uzaqdır. Necə ola bilər ki, imanlı insan heç olmasa bir dəfə də Allaha səcdə etməsin. Axı iman insanın həyatında zərrə qədər də olsa tə᾽sir qoymalıdır. Demək, həqiqi iman sahibinin heç bir xeyir iş görməməsi ehtimalı çox zəifdir. Bu yalnız o vaxt mümkün olar ki, insan iman gətirən kimi dünyasını dəyişsin.

Ömür boyu günaha batıb cinayətlərə yol vermiş insan imanlı olduğunu iddia edirsə şübhəsiz ki, yalan deyir. İmanlı insan xeyir işlərdən uzaq ola bilməz.

Əgər saleh əməl imanın şərtidirsə nə üçün mö᾽minlər günaha yol verir? Əgər imanlı insan günaha batırsa, demək, onun imanı zəifdir. Belə insanda şəhvət və qəzəb oyanan kimi iman yaddan çıxır. Rəvayətə görə günah edən zaman, iman ruhu tərk edir. Həmin an insanı mö᾽min adlandırmaq olmaz. Onu kafir də hesab etmək düzgün deyil. Çünki qəzəb və şəhvət alovu sönən kimi iman ruhu geri qayıdır. Amma bir günah imanın unudulmasına səbəb olmaqla gündəlik təkrarlanaraq artarsa belə insan üçün kafir olmaq qorxusu vardır. «Nəhayət, Allahın ayələrini yalan hesab edib məsxərəyə qoyanlar kafir oldular»[23]. Təbii ki, günah çirkabında qərq olmuş qəlbdə iman ləyaqəti yoxdur. Günah insanın imanını asta-asta zəiflədərək nəhayət, bir gün onu tamamilə aradan aparır.

Əlbəttə ki, xeyir iş görən imanlı insanlar da ehtiyatlı olmalıdırlar. Çünki şəhvət, qəzəb, dünyagirlik, vəzifəpərəstlik hər zaman pusqudadır. İman o zaman səadətə aparır ki, insanın son nəfəsinədək davamlı olsun. Bir ömür imanla yaşayıb ölüm məqamında küfrə düçar olanlar vardır. Hansı ki, ömrünün axır dəqiqələrində həqiqətdən xəbər tutub tövbə edərək dünyadan imanlı gedənlər də var.

Bəs mö᾽min insan saleh işlər görməklə yanaşı çox günaha batarsa onu hansı tale gözləyir? Əgər bu insan ölümündən qabaq həqiqi tövbəyə nail olarsa bütün günahları bağışlanar. Bə᾽ziləri nöqsan tuta bilər ki, bu baxış günaha yol açır. Amma kim əmin ola bilər ki, həqiqi tövbəyə nail olacaq?! Hər halda, həqiqi tövbə edə bilən mö᾽minin günahları bağışlanacaqdır. «Hər kəs tövbə edib yaxşı iş görsə, şübhəsiz ki, gözəl bir dönüşlə Allaha tərəf qayıdar»[24].

Ömür boyu böyük günaha yol verməyib yalnız kiçik günahlara batanlar tövbə edəcəkləri təqdirdə bağışlancaqlar: «Əgər böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtərik»[25]. Onu da qeyd edək ki, bilərəkdən kiçik günahları davam etdirmək böyük günah hesab olunur. Bəs böyük günaha batmış insan tövbə etmədən dünyadan gedərsə necə? Rəvayətə əsasən bu insan çətin can verər, günahı təmizlənməsə bərzəxdə cəzasını çəkər, bu da səmərəsiz olsa qiyamət səhnəsində sıxıntı keçirər. Unutmaq olmaz ki, behiştə yalnız imanı ləkələnməmiş insanlar gedə bilər.

Xəvaric əqidəsində olanlar böyük günaha yol vermiş insanı kafir hesab edirdilər. Ən pisi isə budur ki, onlar İslamda zəruri olan bə᾽zi əməlləri böyük günah bilirdilər. Elə buna görə də İslam hakimiyyətini zəruri bilən şiələri «kafir» adlandıraraq qətlə yetirirdilər. Bəli, gecə ibadət edib gündüz oruc tutan, Qur᾽anı əzbər bilən xəvaric bu sayaq əqidə çaşqınlığına düçar olmuşdu. Əslində isə böyük günaha yol vermiş insan tövbə etmədiyi halda əzaba düçar olsa da onu kafir adlandırmaq olmaz. İnsan nə qədər böyük günaha batsa da tövbə edib cəzasını çəkdikdən sonra imanı olduğu üçün behiştə gedər.

Müəllif: Doktor Misbah Yəzdi

Tərcümə: Məhəmməd Azəri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.