QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN

Söhbət Quranın fəzilətindən düşsə, yaxşı olar ki, bu barədə danışmaq istəyən özünü onun əzəməti qarşısında kiçik saysın, onun dərin mənalarını dərk etməkdə aciz olduğunu etiraf etsin. Bəlkə də bu, səmimi bir etiraf Quran barəsində nə isə deməkdən daha münasib olardı?!
İnsan müvəqqəti, (əql və qüdrət baxımından) məhdud və naqis varlıq olduğu bir halda, özünün elm və qüdrəti hər şeyi əhatə edən mütləqiyyəti, hər şeyi yoxdan yaradan kamil bir varlığı dərk edə bilərmi?
Hər hansı bir yazıçının qələmi və ya çıxış edən natiqin bəyan tərzi nə qədər güclü olsa da, Qurandan üstün və ya ona bərabər bir şey ifadə edə bilərmi? Məhdud bir varlıq özü kimi məhdud varlıqdan başqa bir vücudu vəsf və ya tərif etməyi bacararmı?
Quranın əzəmətini layiqincə bəyan etməyə qadir olan yalnız onun öz ayələri və bəşəriyyətin (həzrət Peyğəmbər (s)) vasitəsilə haqqa hidayət, habelə xoşbəxt həyatlarının təmin olunmalarının möcüzəsi ola bilər.
Bu asimani kitab əsrlər boyu bəşəriyyətin xoşbəxt həyat təminatçılığını və eyni zamanda onların üzərində olan rəhbərliyi öz öhdəsinə götürmüşdür.
Quranın bir çox ayələrində bu haqda deyilir:
«Həqiqətən, bu Quran [bütün bəşəriyyəti] ən doğru yola [islama] yönəldir». (9/17).
«Bu Quran elə bir kitabdır ki, onu sənə, insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura [küfrdən imana], həm də yenilməz qüvvət sahibi və hər cür tərifə, şükrə layiq olan Allahın yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir». (1/14).
«Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir». (138/9).
Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir:
«Allah-taala bütün varlıqlardan üstün olduğu kimi, Onun buyurduqları da bütün söylənilənlərdən üstün və fəzilətlidir.»
Demək, Quranın fəziləti haqda nəyi isə söyləmək insanların bacarıq və qüdrətindən xaricdir. Və belə olduğu bir halda, bu işi Quranın özündə yaşayan, onunla hidayət olub başqalarını da hidayət edən Əhli-beytin (ə) və Quran həqiqi mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.
Quranın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz onlardır.
Belə ki, Quranı bəşəriyyətə çatdıran və onları şəri hökmlərlə tanış edən şəxs, onların (Əhli-beytin) cəddi həzrət Məhəmməd (s) olmuşdur. Onun, Quranın fəziləti haqqında buyurduğu hədislərdən birində deyilir:
«Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və ağır əmanət qoyub gedirəm. Quran və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar.»
Buradan belə məlum olur ki, Peyğəmbər (s) və onun Əhli-beyti Quranı hamıdan daha çox dərk etmiş, özlərində yaşadaraq ona iman gətirmiş və bundan sonra xalqı haqqa doğru hidayət etmişlər. Belə isə, Quranı yaxından dərk etmək üçün onlar tərəfindən nəql olunmuş hədisləri nəzərdən keçirib, onların haqq yoluna qoşulmalıyıq.
Quranın fəziləti haqqında Əhli-beyt (ə) tərəfindən onlarlca hədis və rəvayət nəql olunmuşdur. Əllamə Məclisi bu hədisləri «Biharul-ənvar»ın 19-cu cildində bir yerə toplayaraq ayrıca bir fəsil tərtib etmişdir. Burada həmin hədislərdən bir neçəsini təqdim edirik:
Birinci hədis:
Haris Həmdani deyir: «Günlərin bir günündə məscidə daxil olub orada bir dəstə şəxsin faydasız mübahisələrə məşğul olduğunu gördüm. Əli (ə)-ın yanına gedib gördüklərimi ona danışdım. Buyurdu: Doğrudanmı sən bunları özün müşahidə etdin? Dedim: Bəli. Sonra buyurdu: Haris! Bir gün Peyğəmbər (s) mənə bu sözləri dedi: «Çox keçməz (müsəlmanlar arasında) fitnə və qarşıdurmalar yaranar.» Dedim: Ya Rəsuləllah! Bunlardan necə yaxa qurtara bilərik? Buyurdu: «Siz Allahın nazil etdiyi Quranla bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Onun vasitəsilə haqq ilə batil bir-birindən asanlıqla ayrılar. Quran elə bir kitabdır ki, orada nə bir kəlmə zarafat, nə də bir mənasız ifadələrə rast gəlmək olar. O elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istəyirlər. Allah-taala da onları xar edərək fəlakətə düçar edər. Hər kim hidayət yolunu Qurandan ayrı bir vasitələrlə axtararsa, şübhəsiz, yolunu azacaq və zəlalətə düçar olacaqdır. Quran Allahla insanlar arasında olan qırılmaz rabitədir. Bəşəriyyəti haqqa hidayət edən Quran, nəfsani istəklər və əhrimənlər tərəfindən dəyişilməsi mümkün olmayan hikmətlə dolu bir kitabdır. Quran keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.
Quran vasitəsilə dillər təhrif və dəyişikliklərdən qorunar və heç bir faydası olmayan mübahisələrə birdəfəlik son qoyular. Alim və mütəfəkkirlər Quran ayələri ətrafında araşdırmalar aparar və heç vaxt yoruldum deməzlər. İllər, əsrlər keçdikcə, Quran öz möcüzəsini saxlayar və aşiqlərinin qəlbində daha dərin izlər qoyar.
Quran hətta cinləri belə, heyrətə gətirmiş və onlar Quran haqqında bu sözləri demişlər:
«Biz çox qəribə, təsəvvüredilməz dərəcədə gözəl olan bir Quran eşitdik. O, [xalqa] haqq yolu göstərir. Biz ona iman gətirdik».
Quranla danışanların sözü kəsərli və məntiqli olacaqdır. Onunla qəzavət edən şəxsin çıxardığı hökm ədalətli, öz əməllərini onunla tətbiq edən şəxslərin aqibəti isə xeyirlə nəticələnəcəkdir. Hər kim insanları Qurana doğru çağırarsa, onları haqqa hidayət etmiş olar.
Nəsihətlərin sonunda Əli (ə), Harisə bu sözləri buyurdu: «Ey Əvər, bu hədisi məndən yadigar saxla.» (Sünən Darəmi, 2/435, Səhih Termizi, 11/30).
Hədisin izahı:
Hədisdə bir neçə maraqlı mətləbə toxunulur:
«Quran keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.» Burada bir neçə mətləb nəzərə çarpır:
a) Bəlkə də «gələcəkdə baş verən əhvalatlar» deyildikdə, qiyamət günü nəzərdə tutulur. Çünki, Quranın bir çox ayələrində insanın qiyamət gününə, məhşərdə aparılacaq sorğu-suallara, onların gördükləri işlərə müvafiq olaraq mükafatlandırılıb-cəzalandırılacaqlarına əhəmiyyət vermələrinə xüsusi diqqət yetirilmişdir. Və eyni zamanda Əli (ə)-ın buyurduğu «Quranla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Quran sizin axirət dünyanızı və öldükdən sonra bir daha diriləcəyinizi belə bəyan edir» sözləri bir daha bunları sübuta yetirir.
b) Bəlkə də «gələcək» deyildikdə məqsəd, Quranın gələcək hadisələr barəsində əvvəlcədən xəbər verməsidir. Belə ki, bir çox hadisələr Quran ayələri nazil olduqdan sonra baş vermişdir.
v) Bu barədə verilən üçüncü nəzəriyyə Quranın keçmiş qövm və millətlər barəsində xəbər verməsidir. Quran onların keçmiş tarixinə nəzər salaraq gələcək millət və nəsillərin bu yolu keçəcəklərinə işarə etmişdir. Bu ehtimala əsasən deyə bilərik ki, yuxarıdakı hədislərdə İnşiqaq surəsinin 19-cu ayəsi nəzərdə tutulur. Orada deyilir:
«Siz [ey kafirlər, qiyamət günü] haldan-hala düşəcəksiniz».
Yəni, siz də özünüzdən əvvəlki qövmlərin getdikləri batil yolu gedəcək və özünüzü ağır həlakətə düçar edəcəksiniz.
Eyni zamanda bu hədis Peyğəmbər (s)-dan nəql olunmuş hədisə də dəlalət edə bilər. Hədisdə deyilir: «Siz də özünüzdən əvvəlkilərin puç və batil həyat tərzini dirildəcək və onların adət-ənənələrini davam etdirəcəksiniz.» (Kənzul ummal, 6/40).
2. «Quran elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istərlər. Allah-taala da onları xar və böyük fəlakətə düçar edər» deməklə, Peyğəmbər (s) Quranın zalım və bidətçilər tərəfindən təhrif olunmayacağını və əbədi olaraq öz əzəmətini saxlayacağını bəyan etmək istəmişdir.
Onlar əvvəlki səmavi kitabları təhrif etdikləri kimi, heç vaxt Quranı əyləncə vasitəsinə çevirməyə və onun hökümlərini dəyişməyə nail olmayacaqlar. («Əlhuda ila dinul Mustəfa», 1/34).
«Şəxsi meyl və istəklər orada dəyişikliklər apararaq onun həqqaniyyətinə xələl gətirə bilməzlər.»
Biz bilirik ki, bəşər Quran ayələrini öz şəxsi rəy və nəzərləri ilə təfsir etmiş və oradan müxtəlif mənalar əldə etmişlər. Amma bütün bunlara baxmayaraq, onun həqiqi mənası öz dəyişilməzliyini saxlamış və qiyamət gününə qədər də toxunulmaz olaraq qalacaqdır.
3. Hədisdən əldə etdiyimiz üçüncü mühüm mətləb Quranın bütün ixtilaf və keşməkeşləri həll etməsidir. Belə ki, hədisdə deyilir «Allahın nazil etdiyi Quranla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz.» Bu bir daha Quranın qəzavət və ictimai ədalətin bərqərar olunması üçün ən gözəl vasitə olduğunu sübuta yetirir.
Bəli, əgər müsəlmanlar öz maddi və mənəvi həyatlarında Qurana sığınaraq onun hökmlərindən lazımı qaydada istifadə etsəydilər, həqiqəti tamamilə dərk edər və Peyğəmbər (s)-ın Əhli-beytinin (ə) məqamından agah olardılar. O Əhli-beyt ki, Peyğəmbər (s) onların əhəmiyyətini Quranla eyni səviyyədə tutmuş və özündən sonra məhz onları canişin təyin etmişdir.
Həqiqətən, əgər müsəlmanlar Quranı özləri üçün haqq və ədalət şüarı bilsəydilər, bu gün belə bir çıxılmaz vəziyyətə düşməzdilər. Əgər onlar Quran nuru altında hərəkət etsəydilər, hər bir ali hədəflərinə çatar və bir daha haqq yoldan azmazdılar.
Amma təəssüflər olsun ki, müsəlmanlar Qurana arxa çevirib cahiliyyət dövrünün adət-ənənələrinə üz tutmuşlar. Onlar zəlalət bayrağı altına pənah aparmış və nəticədə din, əqidə, təriqət və s. bu kimi ixtilaflara düçar olmuşlar. Bu ixtilaflar günbəgün böyüyərək müxtəlif cərəyanların yaranmasına səbəb olmuşdur. Biri digərini küfr və itaətsizlikdə təqsirləndirir, nahaq qanını tökür və var-dövlətini haqsız olaraq qarət edir. Onlar müxalif təriqətləri təhqir və tənqid etməyi, hətta lənət oxumağı belə özləri üçün ibadət sanır və bununla Allaha yaxınlaşmaq istəyirlər. Bütün bunların səbəbi isə bizə məlumdur. Qurandan uzaq düşmək, onu şəxsi rəy, yaxud müəyyən nəzərə əsaslanaraq təfsir etmək bütün fəsadların mənşəyidir.
İkinci hədis:
Əli (ə)-dan nəql olunmuş ikinci hədisdə Quran belə vəsf edilir: «Quran sönməz əbədi nur və dərinliyi bilinməyən böyük bir dənizdir. Quran haqq yolu və ümid mənbəyidir. Bu yolun yolçuları qət etdikləri mərhələdə zülmət və qarnlıqlarla qarşılaşmaz və haqq yoluna hidayət olunarlar. Quranın gətirdiyi dəlil və sübutlar dəyişilməz və əbədidir. Quran bütün dərdlərin dərmanı və şəfa mənbəyidir. Quranı özündə yaşadan şəxslər daim alnıaçıq və vüqarlı olarlar. Quranın tərəfdarları bir an olsun belə, himayəsiz qalmaz və onu özlərinə ən böyük hami və dayaq hesab edərlər. Quran iman xəzinəsi, tükənməz elm mənbəyi, ədalət və qəzavət gülüstanıdır.
Quran islamın təməli və geniş həqiqət düzənliyidir. Quran suyu tükənmək bilməyən dəniz və bulanmayan bir çeşmədir. Quran öz yolçularının yoluna nur saçan hidayət carçısıdır. Onun yolçuları qəflət və cəhalətdən uzaq olar və haqq yoldan bir an olsun belə, sapınmazlar. Allah-taala Quranla elm susuzlarının susuzluğunu yatırar, fiqh alimlərinin qəlblərinə təravət bəxş edər və əməli-saleh insanları öz məqsədlərinə çatdırar. Qurana iman gətirənlər ömürlərini izzət və əmin-amanlıqla başa vurarlar. Quran ona pənah gətirmiş şəxsləri ümidsiz qoymaz və onları özünün səadət və xoşbəxtlik yoluna hidayət edər. Quran dəlil axtaranlar üçün ən tutarlı sübut və istidlal mənbəyidir. Quran mütəfəkkirlər üçün əlamət və nişanələr, silaha ehtiyacları olanlar üçün ən gözəl sığınacaq, alimlər üçün tükənməz elm mənbəyi, onu nəql edən kəslər üçün ən böyük hədis, hökm çıxaran qazilər üçün isə ən gözəl ədalət nümunəsidir. (Nəhcül-bəlağə, 198-ci səh.)
Bu xütbədə də bir neçə mühüm məsələyə işarə olunmuşdur və biz onlardan bəzilərini şərh edirik.
«Quran nuru sönməyən əbədi hidayət çırağıdır». Hədisdə buna oxşar ifadələrlə dəfələrlə qarşılaşırıq. Buradan məqsəd, Quranın həqqaniyyətinin müvəqqəti olmamasıdır. Onun ayələrinin əbədi verdiyi hökmlər isə, həmişəlik qüvvə və icra məqamında qalacaqdır. Məsələn, Quranın bəzi ayələri müəyyən şəxs və ya hadisələr barəsində nazil olmuşdur, amma buna baxmayaraq, onun ümumi məfhum və mənası qiyamət gününədək müəyyən şəxs və ya hadisələrə deyil, ümumi şeylərə aid olacaqdır.
Əyaş, İmam Baqir (ə)-ın «Hər tayfanın [doğru yol göstərən] bir rəhbəri vardır» (Rəd-7) ayəsinə verdiyi təfsir haqda nəql etdiyi rəvyətlərdən birində bu mətləbə işarə edərək deyir: «Ayədə rəhbər [yol göstərən] deyildikdə, Əli ibni Əbu Talib (ə) nəzərdə tutulur. Və rəhbər hər zaman bizim Əhli-beytimizdən olacaqdır.»
Ravi deyir: Demək bu ayə sizə də şamil olunur. Və siz də ayədə işarə olunan rəhbərlərdənsiniz.
Buyurdu: Bəli, ayə mənə də şamil olunur. Quran ayələri hər zaman qüvvədə olduğu üçün mən də ayənin aid olduğu nümunələrdən biriyəm. Fəna və məhdudiyyət Quran üçün heç bir əhəmiyyət kəsb etməyir. Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, bu günə kimi Qurandan heç bir əsər-əlamət qalmazdı. Halbuki belə deyildir. Quran ayələri əbədi olaraq keçmiş qövm və millətlərə şamil olduğu kimi, gələcək nəsillərə də şamil olunur və bu məlumatlar onlar üçün də etibarlı sayılır.
İmam Sadiq (ə)-dan bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir:
«Quran, diri və əbədi bir kitabdır. O, heç vaxt məhv olub aradan getməyəcəkdir. Gecə və gündüz əsrlər boyu eyni cərəyanda olduğu kimi və günəş əsrlər boyu aləmi işıqlandırdığı kimi, Quran da həm keçmişdə, həm də gələcəkdə müsəlmanlar üçün əbədi mənəviyyat nuru olmuş və olacaqdır.»
Üsuli-kafidə Ömər ibni Yəziddən nəql olunmuş hədisdə deyilir:
«O kəslər ki, Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir [qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir]» (Rəd-21) ayəsinin mənasını imam Sadiq (ə)-dan soruşduqda buyurdu: «Bu ayə Peyğəmbər (s)-ın Əhli-beyti haqda nazil olmuşdur. Möminlər onları sevməli və onlarla əlaqələrini kəsməməlidirlər. Sonra sözünə davam edərək buyurdu: Ayə Peyğəmbər (s)-ın Əhli-beyti barəsində nazil olsa da, sənə yaxın olan qohum-əqrəbaya da şamil ola bilər. Sənə tövsiyə edəcəyim şey budur ki, müəyyən şəxslər barəsində nazil olmuş ayələri yalnız onların özlərinə aid etməyəsən».
Fərat Kufinin təfsirində deyilir: «Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, indi Qurandan heç bir əsər-əlamət qalmazdı. Amma bu bir həqiqətdir ki, yer və göylər durduqca, Quran da duracaq və dünyanın ömrü qədər bəşəriyyətin həyatında aparıcı rol oynayacaqdır. Belə ki, Quran bütün qövm və millətlərin istər müsbət və istərsə də mənfi xüsusiyyətlərini açıq-aşkar tərzdə bəyan etmişdir.» «Miratul-ənvar, 3-4-cü səh».
Bu məzmunda istənilən qədər hədis və rəvayət nəql olunmuşdur, amma bu bir neçə hədislə kifayətlənib xütbənin izahını davam etdiririk.
2. «Bu yolun davamçıları qət etdikləri mərhələlərdə zülmət və qaranlıqlarla qarşılaşmaz və haqq yoluna hidayət olunarlar:» Buradan məqsəd Quranın insanları haqq yola hidayət etməsidir. Hər kəs bu yolun yolçusu olsa, bir daha cəhalət və nadanlığa üz tutmaz. Çünki, Allah-taala Quranı bəşəriyyətin haqq yola hidayəti və xoşbəxt həyatının təmin olunması üçün nazil etmişdir. Beləliklə, haqq və ədalətsevər insanlar zəlalətdən üz çevirib əbədi xoşbəxt həyata qovuşarlar.
3. «Quranın ayələri açıq-aşkar, verdiyi hökmlər isə dəyişilməzdir.»
Burada iki ehtimal vermək olar:
a). Quranın maarif və təlim prinsiplərinin əsasını bəşəri fitrət və təbii qanunlar təşkil edir. Belə ki, bu prinsiplər sabit və dəyişilməz qanunlar üzərində qurulmuşdur.
b). Quranın həqiqi formasını təşkil edən kəlmə və ifadələr öz orjinallığını itirmədən qorunub saxlanmış, hətta cüzi əlavə və ya ixtisara yol verilməmişdir.
4. «Quran haqq-ədalət gülüstanıdır» deyildikdə, əqidə və təfəkkür, əməl və əxlaq, qəzavət və mühakimə, ictimai ədalət və s. sahələrdə ədalətə ayırdığı xüsusi diqqət nəzərdə tutulur. Bu səbəbdən də Quran ədalət ağaclarının becərildiyi «gülüstan» adlanır.
5. «Quran imanın təməlidir». Buradan məqsəd islam dininin istər əxlaqi, istərsə də əməli hökmlərinin Quran ayələrinə əsasən vahid formada qorunub saxlanılmasıdır.
6. «Quran geniş həqiqət düzənliyidir.» Düzənlikdə hər şey maneə olmadan necə varsa elə də göründüyü kimi, Quran da bütün həqiqətləri açıq-aşkar bəyan edir. Bu səbəbdən də Quran burada geniş səhra və düzənliyə və orada maniəsiz görünən şeylər isə həqiqətə oxşadılmışdır. Burada başqa bir mətləbə də işarə olunmuşdur. O da insanların haqq-ədalətə nail olmaq üçün yalnız Qurana üz tutmalarıdır. Hər kim həqiqəti Quranda deyil, ayrı yerlərdə axtararsa, istəyinə nail ola bilməyəcəyini yəqin etməlidir.
7. «Quran suyu tükənmyən bir dənizdir.» Yəni, hər kim Quranın bütün sirlərinə yiyələnmək istəsə, buna tam şəkildə nail ola bilməyəcəkdir. Çünki, onun kəşf olunan sirləri nə tükənmək bilir, nə də öz etibarını itirir. Yerin dərin qatlarından qaynayan bulaqların suyu tükənmədiyi kimi, Quranın da əsrarəngiz sirləri tükənmək bilmir.
Quranın əhatə dairəsi o qədər genişdir ki, onun hər hansı bir mövzusu haqqında araşdırma aparan tədqiqatçılar, ondan yalnız öz şüur və düşüncələri qəbul etdiyi səviyyədə bəhrələnə bilərlər.
Elm şahinləri nə qədər çalışsalar da, onun yüksəkliyinin qülləsinə çatmazdan əvvəl özlərində yorğunluq hiss edir, çatdıqları mərhələyə qənaət etməli olurlar. Onlar bu mərhələyə çatmaqla öz məqsədlərinə nail olduqlarını zənn edir, amma bir addım irəli getdikdə qarşılarında yeni-yeni mətləblərin açıldığının şahidi olurlar.

Administrator -Bismillah- (Sayta istinad vacibdir)

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>