İxlas barədə hədislər

Məsum imamlar(ə) ixlas haqda çoxlu hədis və rəvayətlər söyləmişlər. Çünki ixlas konkret və incə məsələdir. Əməllərin qəbulolma dərəcəsi ixlasın miqdarından asılıdır. İxlas nə qədər çox olarsa, əməl bir o qədər dəyərli və qiymətli olar. İxlas təsəvvür etməklə,yaxud sözləri bir-birinə qoşmaqla əmələ gələn deyildir. Əksinə, ixlas Allahdan kömək diləmək və nəfsi cilovlamaqla meydana çıxır. Əfsuslar olsun ki, bir çox adamlar özlərini müxlis hesab edir, lakin həqiqətdə ixlasdan çox uzaq olub öz həvayi-nəfs və şəhvətlərinə uyurlar.

Peyğəmbər(s) buyurur: «Cəbrail mənə Allah-təaladan bunu xəbər verdi:

«(İxlas) mənim sirlərimdən biridir. Mən onu sevdiyim bəndələrin qəlbinə əmanət olaraq qoyuram.»[511]

Həzrəti-Fatimeyi-Zəhra(s.ə.) buyurur:

«Kim öz xalis ibadətini Allaha tərəf yönəldərsə, Allah da ən yaxşı məsləhəti (xeyri) onun üçün göndərər.»[512]

Səkkizinci İmam Əli ibn Musa Riza(ə)-dan belə nəql olunur:

“Əmirəlmöminin(ə) həmişə deyərdi: «Xoş o adamın halına ki, dua və ibadətini yalnız Allaha məxsus edərək gördüyü şeyləri qəlbinə girməyə qoymur, eşitdikləri Tanrını ona unutdurmur, başqalarına verilən nemətə görə kədərlənmir.”[513]

İmam Sadiq(ə) “Mülk” surəsinin ikinci ayəsini təfsir edərkən buyurur:

“Bu ayədə Allah-təala çox əməl edəni yox, düzgün əməl edən şəxsi nəzərdə tutmuşdur. Düzgün əməldə isə, Allah qorxusu (xofu) ilə niyyətin saflığı yanaşı olmalıdır». Sonra buyurur: «Əməli (pisliklərdən) qorumaq əməlin özünü yerinə yetirməkdən çətindir….”[514]

Əlbəttə, ixlas əldə etmək və onu müəyyənləşdirmək çox çətin və dəqiq məsələdir. Buna əməl etmək çox əziyyətlibir işdir. Peyğəmbər(s) bu barədə buyurur:

“Mənim ümmətim arasında şirk qarışqanın çopur daş üzərində yeridiyi kimi gizlənmişdir.”[515]

İxlas barədə söylənilmiş hədislər üç yerə bölünür:

1) ixlasın nişanələri;

2) ixlasın amilləri;

3) ixlasınn faydaları.

1)İxlasın nişanələri

Bu bölmədə hədisləri misal gətirib sonra da ondardan nəticə çıxaracağıq:

*Peyğəmbər(s) buyurdu:

“…..Müxlisin dörd əlaməti vardır: qəlbi pak, bədən üzvləri sağlam, xeyri çox, sirri isə təhlükəsizdir.”[516]

*Əmirəlmöminin(ə) buyurmuşdur:

“……Əməlləri, davranışı aşkarda və gizlində eyni olan şəxs, həqiqətən, öz əmanətini ödəmiş, ibadətini isə saflaşdırmışdır……”

*”İxlasın əsası günahdan çəkinməkdir.”

*”Pərhizkarlıq müxlislərin qaydasıdır.”

*”Xalis ibadət insanın Allahdan başqasına ümid bağlamayıb günah işlətməkdən savayı bir şeydən qorxmamasıdır.”

*İmam Baqir(ə) buyurur:

“Ümidi məxluqdan kəsilmiş şəxsdən başqa heç bir abid Allaha layiq ibadət etmir. Bu zaman Allah-təala buyurur: “Bu, mənim xalis bəndəmdir.” Sonra onu əzizləyib mehribanlıqla qəbul edər.”[521]

*İmam Sadiq(ə) belə buyurmuşdur:
*İmam Sadiq(ə)-dən nəql olunur:

“Allaha xatir etdiyi əməllərə görə xalqın onu tərifləməsini sevməyən şəxsdən başqa heç kim ixlasın mahiyyətinə vara bilməz.”[523]

*Başqa bir hədisdə isə belə nəql olunur: «Peyğəmbər (s)-dən soruşdular: “İnsanın nicatı nədədir?” Buyurdu: “Nicat yalnız və yalnız ibadəti insanların razılığına görə yerinə yetirməməkdədir.”[524]

Qeyd:

Burada bir məsələni qeyd etməyi özümüzə borc bilirik. Başqalarının tərifinə görə, hər hansı bir xeyir işin görülməsi riya adlanır, çünki burada təkanverici qüvvə xalqdır. Əgər xeyir əməldən məqsəd yalnız Allahın razılığını əldə etmək və əmrinə itaət etmək olarsa, əməl sahibinin təriflənərkən xoşhal olmasına baxmayaraq, bu, riya deyil. İnsanın müvəffəqiyyət və yaxşı ad qazanmağı sevməsi, məğlubiyyət və pis ada qarşı son dərəcə nifrət bəsləməsi təbii haldır. Beləliklə, belə bir hal riya və özünü göstərməyə dəlalət etmir.

Həzrəti-İbrahim Allah-təaladan belə istəyir:

“Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! (Gələcək nəsillər məni həmişə yaxşı yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!) («Şüəra» – 84).

Sözsüz ki, insanların tərifi, tənqidi, məzəmməti və razılığı əməlin əsasına, yaxud onun keyfiyyətinə təsir göstərərsə, burada ixlas şübhə doğurur.

Zirarə belə nəql edir: «Bir gün İmam Baqir(ə)-dən soruşdum:

-Biri xeyir iş tutarkən başqasının onu gördüyünü duyub sevinərsə, bu, riya hesab olunarmı?

Həzrət buyurdu:

-Bunun heç bir eybi yoxdur, çünki hamı yaxşılıqlarının digərləri arasında aşkar olmasını sevir, lakin insan ehtiyatlı olmalıdır ki, xeyir əməlləri camaatın tərifinə görə yerinə yetirməsin[525].

Başqa bir hədisdə belə söylənilir:

Peyğəmbər(s)-dən soruşdular: «İnsanın xeyir əməlinə görə cəmiyyətin onu tərifləməsi haqda nə deyə bilərsiniz?» Buyurdu: “Bu, möminə nəqd verilən dünya mücdəsidir. Bir mücdə də axirətdə veriləcəkdir. Allah-təala «Quran»da bu barədə belə buyurur:

“Bu gün sizin mücdəniz altından çaylar axan cənnətlərdir.”[526]

Demək, insanın əsas məqsədi yalnız Allahın razılığını qazanmaq və onun əmrlərinə itaət etməkdirsə, ətrafdakıların tərifi və təriflənənin sevinməsi riya olmayıb ixlasla heç bir təzad təşkil etmir. Bu başlığı verdikdən sonra belə bir sual ortaya çıxır: başqalarını yaxşı işlərə təşviq etmək ixlasa ziddirmi?

Hədislərdən belə başa düşülür ki, belə işlər ixlasa zidd olmayıb, onu qüvvətləndirir. Çünki ixlasda ən mühüm amil ibadətdə səmimiyyətdir. Başqalarını xeyir əməllərə dəvət etmək, yaxud əqidə və məzhəbi qəbul etmək kimi üstünlük təşkil edən amillər ixlasa zidd olmamaqdan əlavə, onun keyfiyyətini bir az da artırır.

Übeyd adlı bir nəfər deyir: «İmam Sadiq(ə)-dən soruşdum:

-Ətrafdakıları cəzb edib namaza həvəsləndirmək üçün namazını gözəl avaz və təmiz qiraətlə qılan riya etmirmi?

İmam Sadiq (ə) buyurdu:

-Xeyr, bu, riyaya aid olan hallardan deyildir.»[527]

Məşhur bir hədisdə İmam Sadiq(ə) buyurur:

«Camaatı (haqq yoluna) təkcə sözlə dəvət etməyin. Onlar gərək sizdən təqva, fədakarlıq, namaz və başqa xeyir əməllər də görsünlər, çünki bu, yaxşı işləri təbliğ etmək üçün ən gözəl vasitədir.” Bu hədislərdən belə başa düşülür ki, ibadətlərdə bəzi xeyirli niyyətlərə üstünlük vermək heç də ixlasa zidd deyildir. Əksinə, bu kimi hallar məqbul sayılır, çünki hər iki niyyət mənəvi dəyərə malikdir. Burada heç bir şəxsi və maddi qərəz yoxdur. Əslində belə niyyətlərdən istifadə etməklə insan bir oxla iki hədəfi nişana almış, yəni həm öz vəzifəsini yerinə yetirir, həm də başqalarını xeyir və yaxşılığa dəvət etmiş olur. Buna görə də vacib ibadət və sədəqələrin aşkarda verilməsini gizlində verilməsindən üstün tutmuşlar. Müstəhəb əməllər və ianələr isə bunun əksinə olaraq gizlində verilsə, daha yaxşı olar. Çünki vacib əməllərdə riya ehtimalı müstəhəblərdən daha azdır. Demək, başqalarının həvəsləndirilməsi üçün bu qəbildən olan vacib əməllərin aşkarda həyata keçirilməsi yaxşı qarşılanmışdır. Amma müstəhəb əməllərdə riyanın yaranmasına çox ehtimal olduğundan gizlində həyata keçirilməsi məqsədəuyğun bir işdir. Əgər bir nəfər özünə tam surətdə arxayındırsa və onda heç bir riya şübhəsi yaranmayacağına əmindirsə, insanları cəlb etmək üçün müstəhəb əməlləri aşkarda yerinə yetirə bilər.

Nəticə

Təlim və həvəsləndirmə ikinci dərəcəli olub, Allah qarşısında itaət etmək kimi əsas məqsəd daşıyarsa, bunun ixlasa heç bir ziyanı olmaz. Başqa sözlə, insanın ibadət və itaətə hazırlığı yüksək dərəcədə olarsa və Allah əmrindən başqa fikrində heç bir qərəzi olmazsa, onu yerinə yetirməkdən əl çəkməz. Belə bir vəziyyətdə (başqalarını həvəsləndirmək kimi) xeyirli niyyətlər heç bir maneə törətmir. Lakin bu niyyətlər ibadətin əsasını təşkil edərsə, bunların olması ilə ibadət öz mahiyyətini itirərsə, fəqihlərin fitvalarına əsasən, belə ibadətlər batildir.

Müəllifin fikrincə, üstünlük təşkil edən xeyirxah niyyətlər ibadətin əsası ilə yox, onun keyfiyyəti ilə bağlıdırsa, ixlasla ziddiyyət təşkil etməyib əməlin batil olmasına səbəb olmaz. Məsələn, əgər bir şəxs namazı Allahın əmrinə itaət etmək məqsədilə qılarkən başqalarını həvəsləndirmək üçün namazın qiraət (qrammatik cəhətdən düzgün oxunuşuna) və gözəlliyinə çox diqqət yetirərsə, yaxud birini ayıltmaq üçün hər hansı bir zikri ucadan oxuyarsa, namazı batil olmaz. Sözsüz ki, səsin gözəllik və düzgün oxunuşa riayət etmə həvəsləndirmək niyyətilə yox, özünü göstərmə məqsədilə olarsa, bu, riya hesab olunur. Belə olan halda ibadətin düzgünlüyü də şübhə altına düşür.

Digər tərəfdən, savab qazanmaq, əzabdan qurtarmaq, yaxud ehtiyacların ödənilməsi üçün edilən hər hansı bir ibadətin (ixlasla) səmimiyyətlə heç bir ziddiyyəti yoxdur. Buna görə də «Quran» ayələrində və hədislərdə bəndələrin ruhlandırılması üçün savab və əzab barədə çox söylənilmiş, hədis alimləri tərəfindən bu haqda çox kitablar yazılmışdır. Həmçinin duaların qəbul olunmasına görə də xüsusi ibadət və zikrlər öyrədilmişdir. Bir sözlə, Allah dərgahından diləmək və onun geniş mərhəmətinə sığınmaq (ixlas) səmimiyyətlə heç də təzad təşkil etmir. Əksinə, ixlas, səmimiyyət elə budur.

Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kəni

Tərcümə edən: Ceyhun Cəfərov

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.