Cənnəti qazanmağın yolları (məsumların hədislərinə əsasən)

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Hər kəs behiştin həvəsindədirsə, xeyir işlər etməyə tələssin” (Biharül-ənvar, cild 77, səh. 96).

“Siz mənim üçün altı əməli etməyə zəmanət verin (yəni bu əməlləri edəcəyinizə söz verin), mən də sizə behişti zəmanət verərəm (yəni behiştə düşməyinizə zamin duraram): danışanda doğru söyləyin, vəd verəndə vəfalı olun, sizə əmanət veriləndə qoruyub geri qaytarın, cinsiyyət üzvünüzü (əxlaqsızlıqdan) qoruyun, gözlərinizi harama baxmaqdan çəkindirin, əllərinizi günahdan uzaq saxlayın” (Nəhcül-fəsahə, hədis 321).

“Cənnətdə bir ev var ki, ona darül-fərəh (şadlıq və sevinc evi) deyərlər. O evə yalnız möminlərin yetim balalarını sevindirənlər daxil ola biləcəklər” (Nəhcül-fəsahə, hədis 864).

“Mən zamin dururam ki, haqlı olsa belə, söz güləşdirməyi tərgidən, öz xeyrinə olsa belə, yalandan uzaq duran və öz əxlaqını gözəlləşdirən adama cənnətin bir küncündə, cənnətin ortasında və cənnətin ən yüksək məqamında ev veriləcək” (yəqin ki, burada əməllərin sırasına uyğun olaraq, cənnətdəki yer də o ardıcıllıqla verilib) (Şeyx Səduq. Əl-Xisal, səh. 144).

“Hər kim öz ağlayan uşağını sakitləşdirib razı salsa, əzəmət və cəlal sahibi olan Allah da ona cənnətdən o qədər pay verər ki, razı düşsün” (əl-Firdovsül-əxbar, III, 549).

“Ey Qüreyş cavanları! Cinsiyyət üzvünüzü günahdan qoruyun. Hər kəs bunu etsə, cənnətlikdir” (Təbərani. əl-Möcəmül-əvsət, VII, 61).

“Hər kimin qonşusu ondan amanda deyilsə, cənnətə daxil olmaz” (yəni hər kim öz qonşusunu incitsə və narahatlıq içində saxlasa, cənnətə girməz) (Nəhcül-fəsahə, hədis 2532).

“Behiştin bir qapısı var ki, adı rəyyandır. Bu qapıdan yalnız oruc tutanlar cənnətə daxil olarlar” (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 409).

“Kim öz müsəlman qardaşının abır-həyasını qorusa, şübhəsiz, cənnət ona vacib olar” (Şeyx Səduq. Səvabül-əmal və iqabül-əmal).

“Kim zalımdan məzlumun haqqını alsa, cənnətdə mənimlə yoldaş olar” (Biharül-ənvar, cild 75, səh. 359).

“Yaxşı niyyət öz sahibini cənnətə aparar” (Müttəqi Hindi. Kənzül-ümmal, XIII, 151).

“Üç xususiyyət var ki, Allah bunlardan birini hər kimə versə, ona cənnəti də vacib edər: kasıblıq halında infaq (başqalarına maddi yardım etmək), hamıya münasibətdə mehriban olmaq və insafla rəftar etmək” (Nəhcül-fəsahə, hədis 1281).

İmam Əli ibn Əbu Talib (ə) buyurub:

“Öz daxilini gözəlləşdirməyən və niyyətini paklaşdırmayan adam cənnətin mükafatına nail olmaz” (Ğürərül-hikəm, hədis 10868).

“Haqq cənnətin yoludur, batil isə alova (cəhənnəmə) sarı aparan yoldur. Hər bir yolun da öz dəvətçisi var” (yəni haqq yolun dəvətçisi Allah, batilinki şeytandır) (Nəhcüs-səadə, III, 291).

“Cihad cənnətin qapılarından biridir. Allah bu qapını öz dostları arasından seçilmişlərin üzünə açar” (Nəhcül-bəlağə, xütbə 27).

Həzrət Fatimeyi-Zəhra (ə) buyurub:

“Hədid, Vaqiə və Rəhman surələrini oxuyan adam göylərdə (mələklərin arasında) və yerdə (insanların arasında) behişt sakini kimi tanınar” (Müttəqi Hindi. Kənzül-ümmal, I. 582).

İmam Hüseyn (ə) buyurub:

“İki nəfərin arasında mübahisə düşəndə onlardan hansı biri o birini razı salsa (barışığa getsə), cənnətə daha tez gedər” (Feyz Kaşani. Məhəccətül-beyza, IV, 228).

İmam Cəfər Sadiq (ə) buyurub:

“Cənnət əhlinin dörd əlaməti var: mehriban üz, yumşaq (başqalarını incitməyən) dil, mərhəmətli qəlb və səxavətli əl” (Məcmueyi-Vərram, II, 91).

İmam Musa Kazim (ə) buyurub:

“Həya imandandır, iman (yəni imanlı adam) isə cənnətdədir” (Biharül-ənvar, cild 78, səh. 309).

islam.az saytına istinadən

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.