İmam Cəfər Sadiq(ə)-ın nəsihətlərindən

İmam Sadiq(ə) yaxın səhabələrindən biri Abdullah ibn Cündəb əl-Bəcli əl-Kufiyə bir sıra mühüm məsələlər və dəyərli həqiqətlər haqda bəzi nəsihətlər etmişdir. Bu nəsihətlərdən seçilmiş aşağıdakı iqtibaslara nəzər salaq:

“Ey ibn Cündəb, gecə-gündüz öz əməlini gözlərinin önünə gətirərək nəfsi ilə hesabat çəkmək hər bir müsəlmanın borcudur. Belə ki, Qiyamət günü rüsvay olmasın deyə yaxşı əməlini gördükdə onun artırılmasını, pis əməlini gördükdə isə onun bağışlanılmasını (Allah-təaladan) diləməlidir. Xoş o bəndənin halına ki, Axirəti istəyir və onu qazanmağa çalışır. Həmçinin xoş o kəsin halına ki, onu aldadıcı arzular (haqq yoldan) sapındırmır”.

Sonra o Həzrət(ə) buyurdu: “Allahın mərhəməti olsun o insanlara ki, (hidayət yoluna nur saçan) çıraq və məşəl olmuş və camaatı öz əməlləri ilə bacardıqları qədər bizə doğru səsləmişlər (yəni camaatda bizə qarşı inam və məhəbbət hissi yaratmışlar)”.

“Ey ibn Cündəb, möminlər yalnız o kəslərdir ki, Allahdan qorxar və onlara bəxş olunmuş hidayətin itirilməsindən ehtiyatlanarlar (narahat olarlar). Onlar Allahı və onun nemətlərini yad etdikdə (Onun heybət və əzəmətindən) qorxub titrəyər, Allahın ayələri oxunduğu zaman Onun (bu ayələrdə) zahir etdiyi qüdrətinin təsirindən (nüfuzundan) imanları artar və onlar ancaq öz Rəbbinə təvəkkül edərlər”.

“Ey ibn Cündəb, öz əməlinə arxalanan həlak olar və Allahın rəhmətinə arxayın olub günah etməyə cürət edən də heç vaxt nicat tapmaz”.

Dedim: – Kimlər nicat tapacaqdır?

Buyurdu: “Ümidlə qorxu arasında olanlar (Allahın rəhmətinə ümid bəsləyib eyni zamanda Onun əzabından qorxanlar). Onların qəlbləri (yırtıcı bir) quşun caynağına düşmüş kimi savaba can atar və əzabdan qorxar”.

“Ey ibn Cündəb, hər kim Allahın onu (Axirətdə) huri-eynlə (Cənnət huriləri ilə) evləndirməsini və başına nurdan tac qoymasını istəyirsə, onda öz mömin qardaşını sevindirsin”.

“Ey ibn Cündəb, gecə yatmağını, gündüz isə danışmağını azalt. Çünki bədəndə (bədən üzvləri arasında) gözlə dildən az şükr edən üzv yoxdur. Süleyman(ə)-ın anası ona bu xüsusda belə demişdir: “Ey oğul, çox yatmaqdan çəkin, həqiqətən bu iş (yəni çox yatmaq) insanların öz əməllərinə möhtac qalacaqları gün səni də möhtac qoyar”.

“Ey ibn Cündəb, həqiqətən, şeytan tələ qurub (insanları) bunun vasitəsilə ovlamaqdadır. Odur ki, onun qurduğu tələlərdən və hiylələrdən özünüzü qoruyun!”

“Ey ibn Cündəb, canını (Cəhənnəm odundan) xilas etməkdən qeyri şeyin fikrini çəkən (yəni dünyanı düşünən) şəxsin nəzərində əzəmətli Allah, dəyərsiz, əhəmiyyətsiz olar və (bununla da) o, Rəbbindən çox cüzi bir mənfəət əldə edər (yəni dünyanı üstün tutmuş olar).

Öz qardaşını aldadan, təhqir edən və ona qarşı kin bəsləyən şəxs üçün Allah-təala Cəhənnəm odunu məskən qərar verər. Möminə həsəd aparan (paxıllıq edən) şəxsin isə qəlbində olan iman, duzun suda əriyib həll olması kimi əriyib aradan gedər”.

“Ey ibn Cündəb, öz (mömin) qardaşının ehtiyacını ödəməyə (hansısa bir işini düzəltməyə) gedən şəxs Allah yanında Səfa və Mərva (təpələri) arasında yüyürən, onun ehtiyacını ödəyən isə Bədr və Ühüd döyüşləri zamanı Allah yolunda öz qanına boyanmış şəxs kimidir. Allah-təala hər hansı bir ümmətə yalnız onlar öz yoxsul qardaşlarının hüquqlarına hörmətsizliklə yanaşdıqları zaman əzab göndərər”.

“Ey ibn Cündəb, itaət olunmaları vacib buyurulanların (Peyğəmbərlər, İmamlar və valideynlərin) üzünə ağ olmaqdan başqa bütün günahlar bağışlanar və riyakarlıqla edilənlərdən başqa bütün yaxşılıqlar qəbul olunar”.

“Ey ibn Cündəb, əgər Allahın evində (dərgahında) Ona yaxın olmaq və Firdous Cənnətində yaşamaq istəyirsənsə, onda dünyanı dəyərsiz, əhəmiyyətsiz bir şey hesab et və sabahın üçün (dünya malından) heç nə yığıb saxlama. Bil ki, sənə qalan, məhz (axirətin üçün) göndərdiklərin (yəni, xeyirxah və savab əmələr), ziyan gətirən isə təxirə saldıqların (yəni təxirə salıb, sonra edə bilmədiyin savab və lazımlı işlər) olacaqdır.

Özünü hər növ bəlaya – istər övladla, istər mal-dövlətlə, istərsə də fəlakətlə bağlı bəlalara səbr etməyə öyrət. Həqiqətən, Allah verdiyi nemətini əlindən almaq və bəxş etdiyi hədiyyəsini geri götürməklə sənin səbrini və şükr etməyini yoxlayar (imtahan edər).

Allaha (yəni onun rəhmətinə) elə ümid bəslə ki, bu ümid səni, Ona asi çıxmağa ruhlandırmasın, həmçinin Allahdan elə qorx ki, bu qorxu səni Onun rəhmətindən məyus etməsin.

Cahilin sözünə, tərifinə aldansan, təkəbbürlük və lovğalıq etməyə, öz əməlinlə öyünməyə başlayarsan. Həqiqətən, əməllərin ən yaxşısı ibadət və təvazökarlıqdır”.

“Ey ibn Cündəb, camaatın səni tərifləməsi üçün onların gözü qarşısında sədəqə vermə. Həqiqətən, belə etsən (bu işdə qazandığın) savabı itirmiş olarsan. Əksinə, (elə et ki, ) sağ əlinlə verdikdə sol əlin bilməsin. Yolunda sirr olaraq sədəqə verdiyin kimsə (yəni, Allah-təala), səni elə bir gündə açıq-aşkar insanların gözü qarşısında mükafatlandıracaqdır ki, həmin gün insanların sənin sədəqəndən xəbərdar olmamaları sənə zərər gətirməyəcəkdir”.

“Ey ibn Cündəb, xeyir və şər bütünlüklə sənin qarşındadır. Sən (həqiqi) xeyirlə (həqiqi) şəri yalnız, Axirətdən (yəni Qiyamət günündən) sonra görəcəksən. Çünki böyük və əzəmətli Allah bütün xeyirləri Cənnətdə, bütün şərləri isə Cəhənnəmdə qərar vermişdir. Onlar ikisi də əbədi qalacaqlar. Allahın hidayət bəxş etdiyi, imanla kəramətləndirdiyi, doğru yolu öyrətdiyi, nemətlərini tanıması üçün əql verdiyi, dini və dünyəvi işlərini qaydaya salması üçün elm və hikmət əta etdiyi şəxsin borcudur ki, daim Allaha şükr edib, Ona qarşı nankor olmasın, Onu xatırlayıb heç zaman unutmasın və Ona itaət edərək əmrlərindən çıxmasın.

Yalnız vaqiə baş verdiyi (yəni insanların dirilib qəbrlərdən qalxdığı), Qiyamət qopduğu, böyük bəla gəldiyi, yenilməz qüdrət sahibi (Allah) hökm etmək üçün (haqq) tərəziləri qurduğu və məxluqatı sorğu-suala çəkdiyi zaman, sən kimin yüksək məqam və kəramət sahibi olduğunu, həmçinin kimin həsrət və peşmançılıq çəkdiyini tam əminliklə biləcəksən. Odur ki, bu gün dünyada, Axirətdə sənə uğur gətirəcək əməlləri yerinə yetir”.

“Ey ibn Cündəb, böyük və əzəmətli Allah bəzi vəhylərində buyurmuşdur: Mən, yalnız əzəmətim qarşısında baş əyən, Mənə xatir şəhvətindən çəkinən, bütün gününü Məni xatırlayıb zikr etməklə keçirən, yaratdıqlarım qarşısında öyünməyən, aca yemək, paltarsıza paltar verən, müsibətə düçar olanın halına yanan və kimsəsiz qəribə sığınacaq verən şəxsin namazını qəbul edirəm. Bu səbəbdən (bütün bu gözəl əməllərinə görə) də, onun nuru günəştək şəfəq saçar. Ona zülmətdə nur, cəhalət halında (biliksizliyə uğradıqda) isə ağıl, dərrakə verirəm. Öz əzəmətimlə onu himayə edir və mələklərimlə qoruyuram. Məni çağırır (yəni dua edir) cavab verirəm və Məndən (ehtiyaclarını) diləyir, əta edirəm. Mənim nəzərimdə belə bir bəndə, meyvələri misilsiz və dəyişməz olan (solmayan) Firdous Cənnətləri kimidir…”1

Tərcümə edən: Zaur Sadıqov

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.