Həzrəti Məsumə (ə.s)-dan nəql olunan hədis

1. Həzrəti Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccad (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimə və Səkinədən, onlar da Fatimeyi Zəhranın (salamullahi əleyha) qızı Ümmü-Külsumdan, o da anası Fatimədən (salamullahi əleyha) belə nəql etmişdir: “Siz Qədir-Xumda Rəsulullahın buyurduğu “Mən hər kimin mövlasıyamsa (mövla–rəhbər, ixtiyar sahibi), Əli də onun mövlasıdır” hədisini, habelə, o həzrətin Əliyə xitabən buyurduğu “Sənin mənimlə münasibətin Harunun Musa ilə olan münasibəti kimidir” sözlərini yaddan çıxartdınızmı?”
2. Həzrəti Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccadın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimədən, o da həzrət Əli (əleyhis-salam)-ın qızı Zeynəbdən (salamullahi əleyha), o da Fatimeyi Zəhradan (əleyha-salam) belə nəql etmişdir: “Həqiqətən hər kəs Ali Mühəmmədin (Peyğəmbər övladlarının) məhəbbəti ilə dünyadan getsə, şəhid kimi dünyadan getmişdir.”
3. Həzrəti Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccad (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimədən, o da həzrət Əli (əleyhis-salam)-ın qızı Zeynəbdən (salamullahi əleyha), o da Fatimeyi Zəhra (salamullahi əleyha)dan, o da Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql etmişdir: “Məni asimanlara doğru apardıqları vaxt behiştə daxil oldum və orada ağ və həlqə şəkilli dürlərdən qurulmuş bir qəsr gördüm, qapısı dür və yaqutla zinətləndirilmiş, qapısından bir pərdə asılmışdı. Başımı qaldıranda gördüm ki, belə yazılıb: “La ilahə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyul-qövm”, yəni “Allahdan başqa heç bir məbud yoxdur, Mühəmməd Onun rəsuludur, Əli xalqın ixtiyar sahibi (və rəhbəri)dir.” Pərdədə isə belə yazılmışdı: “Bəh-bəh! Kim Əlinin şiələri kimi ola bilər?!” Daxil oldum, içəridə qırmızı və həlqə şəkilli əqiqlərdən düzəldilmiş bir başqa qəsr vardı, gümüş qapısı yaşıl zümrüdlərlə zinətləndirilmişdi. Onun da qapısından pərdə asılmışdı. Başımı qaldırdım, gördüm ki, qapıda belə yazılıb: “Mühəmməd Allahın rəsuludur, Əli Müstəfanın canişinidir”. Pərdədə isə belə yazılmışdı: “Əli şiələrinə, onların halalzadə olduqlarını müjdə ver.” İçəri daxil oldum, həlqə şəkilli zümrüdlə tikilmiş daha bir qəsr vardı, belə ki, ondan yaxşısını görməmişdim, qapısı qırmızı yaqutdan idi, lö”lö ilə zinətlənmişdi. O qapıdan da pərdə asılmışdı. Başımı qaldıranda gördüm ki, pərdədə belə yazılıb: “Əlinin şiələri nicat tapanlardır.” Cəbrəildən soruşdum: –Bu qəsr kimə məxsusdur? Dedi ki, sənin əmioğlun və canişinin Əliyyibni Əbitalibindir. Əli şiələrindən başqa insanların hamısı qiyamət günü çılpaq və ayaqyalın məhşərə gələcəklər və hamını analarının adı ilə, Əli şiələrini isə atalarının adı ilə çağıracaqlar. Dedim: –Ya Cəbrəil, nə üçün belə olacaqdır? Dedi: –Çünki onlar Əlini sevirlər, buna görə də halalzadədirlər.”
Çoxlu rəvayət və Quran ayələri də Əli (əleyhis-salam)-ın rəhbər və vilayətinə dəlalət edir, o cümlədən:
“Şəksiz sizin rəhbər və mövlanız yalnız Allah, Onun Rəsulu və iman gətirib rüku halında zəkat verənlərdir.” (Bu ayə Əli (əleyhis-salam) namaz qılıb rüku halında öz üzüyünü sailə verəndə nazil olmuşdur.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.