12.000 tələbəsi olan alimin faciəsi

Mübarək İslam dini məsuliyyətsiz bilik əhlini, məsuliyyətsiz agahları, məsuliyyətsiz alimləri ciddi qəbul etmir. Bir də görürsən, bir “mədəniyyət” yavaş-yavaş daxil olur ki, adam utanar haqqı deməyə bəzi hallarda. Amma Quran məntiqi biliklərindən irəli gələn məsuliyyəti yerinə yetirməyən həmin o məsuliyyətsiz bilik əhlini açıq-aşkar şəkildə itə bənzədir. Quran məntiqində onlar eynilə it kimidirlər. Gələk bəhsimizə.

İmam Rzadan (ə) insanın vücuduna çox təsir edən həqiqəti olan bir hekayə nəql edilir. Hekayədə böyük bir savadlı alimdən söhbət açılır ki, on iki min tələbəsi var idi. Və şəhid Saninin də söylədiyinə görə, bu adamın dərsinə 12000 adam gələrmiş. Amma dinimizin məntiqində o, itə bənzədilir. Niyə? Çünki, dinimiz istəyir fəsad törədən məsuliyyətsiz almin aqibəti bütün bəşəriyyət üçün, müsəlmanlar üçün açıqlansın ki, nəticə etibarilə bəşəriyyət bu bəhsdən, bu məsələdən ibrət dərsi götürsün. Sözügedən bu alimin, yaşadığı toplumda da çox böyük hörməti var idi. Çox məşhur olan şəxslərdən imiş. Camaat ona bir alim kimi, bir savadlı insan kimi müraciət edərmiş. Camaat deyərmiş ki, daha bu adam hər şeyin zirvəsidir. Amma, həmin o alim fəsad, ədalətsizlik, bidətlər hökm sürən bir toplumda yaşayırdı. Bu toplumda insanların haqları pozulurdu. İnsanlar həm mənəvi, həm də fiziki işgəncələrə məruz qalırdılar.
Bir gün Musa Peyğəmbərin (ə) ardıcılları bu qövmü, bu milləti xilas etmək üçün, bu millətə nicat vermək üçün onlara tərəf hərəkətə keçirlər. Onda bu yerlərin, bu toplumun zalım başçısı öz məğlubiyyətini hiss edir. Sonuncu hiyləyə əl atır. Zalımın yadına o alim düşür. O şəxs ki, hamı onu alim bilir, hamı onu dinin gözünün işığı bilir. Dinin simvolu bilir. Deməli, zalım başçı qərara gəlir bu alimin olan hörmətindən, bunun varlığından, bunun vücudundan öz xeyiri üçün istifadə etsin. Gedir ondan istəyir, onun qarşısına tələb qoyur. Deyir, Musanın (ə) qoşununa nifrətini bildirmək üçün, öz qəzəbini bildirmək üçün sən get onları lənətlə. Özü də onları açıq-aşkar surətdə lənətlə.
Bu alim toplumda baş verən cinayətlərdən xəbərdar idi. Yəni, belə deyil ki, onun barədə deyələr: “yazığın xəbəri yox idi”. Bu “yazıq”ların adət üzrə xəbəri olur. Həm keçmişdə, həm də indi. Tarixdə qaldığı kimi, elə o alimin də xəbəri var idi vəziyyətdən. Onun həm bu baş verən fəsadlardan xəbəri var idi, həm ədalətsizlikdən xəbəri var idi, həm də insanların məruz qaldığı zülmdən xəbəri var idi. Həmin şəxs gecə başını qoyub yatanda, həmin vaxt camaat zülm çəkirdi. Camaatın iniltisi ucalırdı göylərə. Bəli, Musa (ə) ardıcıllarının gəlişindən də xəbəri var idi. Bilirdi kim gəlir. Bilirdi ki, gələn Allah Peyğəmbəri (ə) və onun qoşununun adamlarıdır. Amma həmin alim imtahanını vermir. O imtahanı ki, məsuliyyəti var idi, onu vermir və öz maddi xeyrini və mənfəətini üstün tutur. Öz İlahi vətəndaş məsuliyyətini yerinə yetirmir və zalım başçının sözünə əməl etməyə çalışır.
Bu alimin bir uzunqulağı var idi. Maraqlıdır ki, nəticədə həmin uzunqulaq bu alimdən qat-qat üstün məxluq çıxır. Alim öz uzunqulağına minir və bu lənətləri söyləmək üçün hərəkət edir. Lakin belə məsələlər də var ki, hətta heyvana da ilahi ilham verilə bilər. Alimin ulağına da İlahi ilham verilir ki, hərəkət etmə. Heyvan yerindən tərpənmir. Alim uzunqulağı nə qədər döyəcləyir ki, tez gedək, mən geçikərəm, birdən vaxtında lənətləmərəm, bunlar da işlərini görər. Sonra məndən soruşular ki, niyə kecikdin? Onda durub deməyəcəyəm ki, uzunqulaq hərəkət etmirdi. Hədislərdə deyildiyinə görə, axırda iş o yerə çatır ki, Allahın qüdrəti və inayəti ilə ulaq dilə gəlir və “alimə” deyir: “Vay olsun sənə! Məni niyə vurursan? Heç bilirsən hara getmək istəyirsən? İstəyirsən mənimlə birgə bir yerə gedəsən ki, orada Allahın Peyğəmbərinə (ə) və imanlı insanlara lənət edəsən!”. Burada artıq höccət tamam olur bu alim üçün. Əgər bu alim bu ana kimi bilmirdi nə baş verir, bundan sonra artıq bilməməyə heç bir imkanı qalmır. Özünü satmış bu “alim”, təkəbbüründən Allahın çox layiqli bu məxluquna o qədər zərbələr endirir ki, axırda uzunqulaq canını verir.

Hacı İlqar İbrahimoğlu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.